15.01.2026, 00:26
AZ EN
19.12.2025, 16:20 221

Sərkərdə sağ olsun, qoşun sağ olsun...

YARADICILIQ
  • İstedadlı şair Kamil Təbib (İsayev Kamil Saat oğlu) 1961-ci ildə Kəlbəcər rayonunun Qalaboynu kəndində anadan olub. Kəlbəcər şəhər 1 nömrəli orta məktəbini bitirdikdən sonra Mingəçevir Tibb Texnikumunu, daha sonra M.F.Axundov adına Azərbaycan Pedoqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirib, bir müddət Kəlbəcər rayon Əsirik kənd xəstəxanasında işləyib.

1993-cü ildən şeirləri mətbuatda çap olunur. Azərbaycanın mərkəzi və regional radio-televiziya verlişlərində sazı-sözü təbliğ edir. “Qismət olsa ziyarətim Vətəndir”, “Haray çəkin, əsir dağlar” və başqa kitabları çap edilib. Aşıq Ədalət Dəlidağlı, Aşıq Mehdi Məsimov, Aşıq Haxverdi Kərəmoğlu, Aşıq Şaiq İncəli, Aşıq Zərifə Çeşməli, Aşıq Rəfiqə Göyçəli və başqa aşıqlar Kamil Təbibin şeirlərindən ilham alıb. Təbriz aşıqları da onun şeirlərinə müraciət ediblər. Şairin şeirlərinə Xalq artisti Könül Xasıyeva və Əməkdar artist Zakir Əliyev də müraciət edib.
Kamil Təbib Aşıqlar Birliyi və Yazıçılar Birliyinin üzvüdür. Onun fitri istedadla qələmə aldığı şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik. 

 

KAŞ BİR DƏ GÖRÜŞƏK, KAŞ BİR DƏ YENƏ


A qarlı zirvələr, ay ulu dağlar,
Kaş bir də görüşək, kaş bir də yenə.
Tutam ətəyindən, öpəm əlindən
Kaş bir də görüşək, kaş bir də yenə.

Hardasan, qiblədən çıxan bulaqlar?
Ağlayıb gözlərin sıxan bulaqlar.
Quzutək mələyib, axan bulaqlar
Kaş bir də görüşək, kaş bir də yenə.

A yalçın qayalar, haça gədiklər,
Moruqlu dərələr, sıldırım diklər.
Qıy vuran qartallar, ürkək əliklər,
Kaş bir də görüşək, kaş bir də yenə.

Yusan da, sərsən də yağışla məni,
Dolu tök başıma, ha tuşla məni.
Üz-üzə gələndə bağışla məni,
Kaş bir də görüşək, kaş bir də yenə.

Siz ey qoşa qalam, quş qanad salan,
Kamildi yanında xəcalət qalan.
Düşsün ayağına günahkar balan,
Kaş bir də görüşək,kaş bir də yenə.  

BİLİRİK, VƏTƏN!


Otuz ildir gözümüzdən sel gedir,
Elə hey silirik, silirik, Vətən!
Yuxular çin olur, xəyallar gerçək,
Biz də gülərmişik, gülürük, Vətən!

Yağılar əlində illəri saydın,
Ah çəkdin, inlədin, aləmə yaydın.
Gəl deyək bir-birə gözümüz aydın,
Möhnətə son qoyub, gəlirik, Vətən!

Sən qürur yerisən hər birimizə,
Araz birimizə, Kür birimizə.
Sevincdən pay verib bir-birimizə,
Qardaş malı kimi bölürük, Vətən!

Sərkərdə sağ olsun, qoşun sağ olsun,
Hər qarış torpağın, daşın sağ olsun.
Nə canlar itirdik, başın sağ olsun,
Uğrunda demərik ölürük, Vətən!

Kamil nə desin ki, söz, -nə çəkmişik,
Olduqca haqq yolda düz, -nə çəkmişik.
Sən nələr yaşadın, biz nə çəkmişik?
Bilirik, bilirik, bilirik, Vətən!!!

KƏLBƏCƏR


Axır ki, yetişdi, şükürlər olsun,
Çatıbdır Allaha səsim, Kəlbəcər!
“Kaş bir də görüşək, kaş bir də”, dedim,
Bəsimdir yaşamaq, bəsim Kəlbəcər!

Pir deyib torpağa, suya da gedib,
Bircə yuva quram qayada gedib.
Yalın ayağımla piyada gedib,
Dediyim qurbanı kəsim, Kəlbəcər!

Bir işıq yolu var qoynuna dönəm,
Deyərəm zülmətdən doğan bir Günəm.
Sevincdən, fərəhdən qabarır sinəm,
İlk nəfəsim, son nəfəsim Kəlbəcər!

Kamil hər daşını qibləgah bilir,
Qulun qul tanıyır, şahın şah bilir.
Mən nələr çəkmişəm, bir Allah bilir,
Ürək olub əsim-əsim, Kəlbəcər!

 

BOL EYLƏR ALLAH!

 

Sol əllə qazansan, sağ əllə payla,
Onda qismətini bol eylər Allah.
Quşu qəfəsdən aç, balığı tordan,
Sənə də dar gündə yol eylər Allah.

Dərk elə dünəni, düşün sabahı,
Tökdürmə üstünə günahsız ahı.
Kərəmsiz ağanı, zülümkar şahı,
Nə zaman istəzə qul eylər Allah.

Unutma, dediyim başına gəlsə,
Ovlama ceyranı, tuşuna gəlsə.
Bəndənin əməli xoşuna gəlsə,
Bir qara quruşun, ləl eylər Allah.

Kamil, dörd yanında bulaq olsa da,
Bar umma söyüddən, calaq olsa da,
Qızılın dağ boyda qalaq olsa da,
Qəzəbi tutanda, kül eylər Allah.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR