23.01.2026, 13:35
AZ EN
18.01.2026, 16:27 349

Sığışarmı hər kitaba Ələsgər...

YARADICILIQ
  • İstedadlı şair, Azərbaycan Yazıçılar birliyinin üzvü Əlirza Həsrət ixtisasca mühəndis-texnoloqdur. On iki şeir kitabının və səkkiz poemanın müəllifidir. Şeirləri Türkiyə və İran mətbuatında çap olunub.

Əlirza Həsrətin doğma yurda, Qarabağa həsr etdiyi şeirlərindən “Vətən səsi”nin oxucularına ərməğan edirik.

 

ŞUŞA YOLU

Qarabağın şah damarı.

Sevgi dolu Şuşa yolu.

Biz də basıb bağrımıza, -

Oxşadıq tamaşa yolu.

 

Başımız qarışdı meyə,

Könlümüz dönüncə neyə.

Hamı şeir deyə-deyə.

Tutdular alqışa yolu.

 

Zəfər bayrağıdır hər dan.

Başın üstə, Azərbaycan.

Ayrı düşüb qatarından, -

Göstərin bu quşa yolu!

 

YURDUN MÜBARƏK

Sənindir bu şərəf, sənindir bu ad,

Çox gərək olacaq sənə bu qanad.

Sən də ocağına qayıtdın, ustad,

O köhnə ulusun, yurdun mübarək!

 

Şər ilə min illər boğuşdu Günəş,

Özü də Göydə bir koğuşdu Günəş.

Bu gün Cəbrayıldan doğmuşdu Günəş,

Düşməni gözündən vurdun, mübarək!

 

Əcəb oxuyurdu Qu daşın üstə,

Çıxdı gözlərimdən su daşın üstə.

Sən də bir daş qoydun bu daşın üstə,

Özünə bir heykəl qurdun, mübarək!

 

Bu da son şərqisi didərginlərin,

Nə ağrın qalacaq, nə gərginliyin.

Bitdi ayrılığı bu sürgünlüyün,

Qarabağa salam verdin, mübarək!

 

Ustadlar ustadı Aşıq Ələsgərin şərəfinə

Hər aşığa belə bir ustad gərək,

Qanadlansan, uçmağa inad gərək.

Bu sevdaya külli-kainat gərək,

Sığışarmı hər kitaba Ələsgər?

 

Gültək qoxla, çiçək-çiçək dər sözü,

Bağrına bas, eylə bəxtəvər sözü.

Mirvaridur hər kəlməsi, hər sözü,

Əcəb düzüb ipə-sapa Ələsgər.

 

O dağlardan qəfil duman çəkilsə,

Çəkiləcək o duman da şəkilsə.

Ulu sazda dilə gəlib Ağkilsə, -

Nə oxuyur görək Baba Ələsgər?

 

...Hər məclisə məhəbbətlə buyurdun,

"Səhnəbanu”, "Güləndam" oxuyurdum...

Tunc heykəlin qibləsidir bu yurdun,

Oyan, saza de mərhəba, Ələsgər!

 

ÇÖRƏK ƏTRİ

Durnalar köçünü çəkib qayıdır,

Könüllər tanrının eşq sarayıdır.

Hər təndir Vətənin şeir payıdır,

Hər çörək bir nəğmə sətri, ilahi.

 

Köhnə xatirələr paslı açardı,

Qıfılı açmağı dərddi, naçardı.

Uşaqlar nənəmdən alıb qaçardı,

Sacda bişirdiyi fətri, ilahi.

 

Onda bir başqaydı bahar da, qış da,

Bir sevda var idi hər bir naxışda.

Çörək bişirənin qarda, yağışda, -

Təndir tüstüsüydü çətri, ilahi.

 

Cəbhədən qürurla qayıdan əri,

Çörəklə qarşılar sevdiyi pəri.

Şax tutar təndirə əyilənləri

Təndir çörəyinin ətri, İlahi.

 

SON NƏĞMƏ

(Milli qəhrəman, stüardessa Hökumə Əliyevanın xatirəsinə)

Göylə Yerin arasında,

İlahi, nə səs idi o?

Səma qızı Hökumənin, -

Son nəğmə nəfəsiydi o?!

 

“Hər şey yaxşı ölacaq”, keç,

 Qaranlıqda bir işıq seç

 Bəlkə uçaq deyilmiş heç,

 Bir ölüm qəfəsiydi o.

 

 Göz yaşını sil gözündən,

 Ta kül çıxmaz bu közündən.

 Mələklərin Göy üzündən, -

 Çəkilmək həvəsiydi o.

 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər