08.09.2024, 08:00
AZ EN
23.06.2024, 17:25 371

TÜRKÜN LƏL QAŞIDI AZƏRBAYCANIM

YARADICILIQ
  • Dilguşə Gülümcan orta məktəb illərindən yaradıcılıqla məşğul olmuş, müxtəlif mətbuat orqanlarında, şeir almanaxlarında şeirləri çap olunmuşdur. Türkiyənin İstanbul şəhərində keçirilən “Şeir Fırtınası” toplantısında iştirak etmişdir. Ali təhsillidir. Bakı Dövlət Universitetinin kimya fakültəsini və Moskva Meşə Təsərrüfatı Universitetini bitirmişdir.

Vətənpərvərlik və lirik şeirləri ilə  geniş oxucu auditoriyası qazanan Dilguşə Gülümcan “Sevgi quyusu”, “Sabaha oyanan ümidlər”, “Özümü axtarıram”, “Məni məndən soruş” və “Çətin yoldayam” şeirlər kitabının müəllifidir. AYB-nin və AJB-nin üzvü, “Qızıl qələm” mükafatçısıdır.

Qeyd edək ki, bir müddət əvvəl ölkəmizdə keçirilən III Türk Dünyası Ədəbiyyat və Kitab festivalında istedadlı şairə Dilguşə Gülümcan keçirdiyi İmza günündə 5 kitabı oxucular tərəfindən maraqla qarşılanmışdır.

Müəllifin 44 günlük Vətən müharibəsinin Qələbə sevinci ilə qələmə aldığı bir neçə şeirini “Vətən səsi”nin oxucularına təqdim edirik.

 

VƏTƏN GÖZÜN AYDIN

VƏTƏN, gözün aydın, yaran sağaldı,

ŞUŞANI əsgərin yağıdan aldı.

Fədakar xalqındı sevinib, gülən,

Müzəffər orduna dünya mat qaldı.

 

Musiqi beşiyin yellənir indi,

ŞUŞAMIZ muğamat oxuyub, dindi.

Üzeyir notları sıraya düzüb,

Niyazi çubuqla  göylərdən endi.

 

Xanın zil səsi də öz avazında,

Natavan şeirli bahar-yazında.

Bülbül səhnə qurub CIDIR düzündə,

At belində çalır, cənki sazında.

 

Kor olmuş bulaqlar gözlərin açır,

Solmuş bağça-bağda gül şəfəq saçır.

Tarixi məsciddə əzan oxuyur,

Şeytan dəsdəsiylə Şuşadan qaçır.

 

Allahım, çox şükür, sən dənə-dənə,

Bu qədər sevinci bəxş etdin mənə.

Qarabağa dönüb Xarı Bülbülüm,

Şuşam qalib gəldi yağı düşmənə.

 

Şuşa Qalamıza səadət  dolsun,

Nur saçan işığın qoymarıq solsun.

Dağların bürünür laləli dona,

Tarixi zəfərin əbədi olsun!!!

 

TURAN DÖVLƏTİNƏ QURBAN OLSUN CAN!!!

Tanıya bilmədi türk soyun, dığa,

Elimdə özünü sanırdı ağa.

Yoluna bir hasar çəkmişik ki, biz,

Yuxuda gələcək o Qarabağa.

 

Abrı, həyası yox onun üzündə,

Çalıb oynayırdı Cıdır düzündə.

Bir nərə çəkdi ki, Türk oğlu ona,

Sevinci yox oldu, qaldı hüzündə.

 

Şuşanı özünə paytaxt sanırdı,

Dünyaya səs salıb, haqqı danırdı.

Bizim tarixləri hər yerdən silib,

Erməni tarixi deyə anırdı.

 

Bilmədi gələcək torpaq yiyəsi,

Gözünə girəcək tüfəng tiyəsi.

İlan tək sürünüb deşik gəzəcək,

Göyə yüksələcək türkün haqq səsi.

 

İndi canındadır təlaş, həyacan,

Gördü ku, qardaşdı Türk-Azərbaycan.

Qoşa vuran ürək toy-bayram edir,

TURAN dövlətinə qurban olsun can!!!

 

TÜRKÜN LƏL QAŞIDI AZƏRBAYCANIM

Çox dərdlər yaşadıq, əsrlər boyu,

Torpaq alanların yox idi soyu,

Qan axan yaramın keçmədi hoyu,

Ah-vayla yaşadı Azərbaycanım!

 

Təbrizim inlədi, Zəncan ağladı,

İrəvan ah çəkdi, ürək dağladı,

Zəngəzur qardaşla sərhəd bağladı,

Dərd yükün daşıdı Azərbaycanım!

 

Getdi Dağıstanım, Göyçə mahalım,

Borçalım ağladı qalmadı halım,

Qarabağım oldu ölüm, ya qalım,

 Dedilər naşıdı Azərbaycanım.

 

İki yüz il susduq, torpaqlar getdi,

Yağılar qudurdu, rus bayram etdi,

Bunu görən qardaş köməyə yetdi,

Uca dağ aşırdı Azərbaycanım!

 

Düşmən inanmadı bizim inama,

Dedilər sülh bağla, gücün sınama,

Dedik ki, qərəzli bizi qınama,

Rusun baş daşıdı Azərbaycanım!

 

Hər kəs Türk xalqının gücün danışır,

Onu saymayanlar, ona yanaşır,

Axır anladılar bizik ana şir,

Türkün ləl qaşıdı Azərbaycanım!

          

ŞƏHİD ANASI

Əlini sinənə sıxıb ağlama,

Qurbanam ahına, yer-göy dağlama,

Düşmən sevinməsin, qara bağlama,

Allah seçdi səni, Şəhid anası.

 

Düşmən gülləsinə o sinə gərdi,

Vətənin dərdiydi oğlunun  dərdi,

Fəxr et, sənin oğlun ər oğlu ərdi,

Allah seçdi səni, Şəhid anası.

 

Sən Türk oğlu doğdun bu Vətən üçün,

Bu dərdə dözməyə gəl topla gücün,

Mərdlərim alacaq düşməndən öcün,

Allah seçdi səni, Şəhid anası.

 

Bilirəm yediyin irindir-qandır,

Düşünmə təsəlli vermək asandır,

Sönmüş ocağını səbrlə yandır,

Allah seçdi səni, Şəhid anası.

 

Gəlin birgə deyək, VƏTƏN sağ olsun,

TORPAQ qoruyanın üzü ağ olsun,

OĞUL, söykənəcək uca dağ olsun,

Allah seçdi səni, Şəhid anası.

 

TÜRKÜM HARDA VARSA ORA VƏTƏNDİR!!!

Şəhidi ağlama, dik tut başını,

Vətənin şəhidi varsa, Vətəndir!

O qoruya bilsə hər bir daşını,

Canını torpağa sarsa, Vətəndir!

 

Cavanşir tarıxin xalq yaza bilib,

Babək, Cavad xanı olsa, Vətəndir!

Vuruşub, düşmənə ayağın silib,

Yadda Mübarizi qalsa, Vətəndir!

 

Unutmayıb dinin, həm də imanın,

Hər zaman ayaqda qalsa, Vətəndir!

Qovsa başı üstdən düşmən dumanın,

Yağıdan qisasın alsa, Vətəndir!

 

Türkü yıxa bilməz nə rus, nə dığa,

Gəl məndən soruşma hara Vətəndir?

Olub yer üzündə həmişə ağa,

Türküm harda varsa ora, Vətəndir!!!

 

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər