26.06.2025, 00:03
AZ EN
09.11.2024, 19:23 315

VƏTƏNDİR

YARADICILIQ
  • Tanınmış qəzəlxan, şairə, oxucuların sevimlisi Lilpar Cəmşidqızı yeddi şeirlər, bir "Divan" kitablarının müəllifidir. O, 1965-ci il dekabrın 31-də Bərdə rayonunda anadan olub. Orta təhsilini Bərdə rayonunda alıb, 1986-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunun Kimya-Texnologiya fakültəsinə qəbul olub, 1992-ci ildə isə bu institutu müvəfəqqiyyətlə bitirib. Hal-hazırda Sumqayıt şəhərində yaşayır.

İstedadlı şairənin bir neçə şeirlərini "Vətən səsi"nin oxucuları ilə bölüşürük.

***

Nə gözəl, doğma Vətən, şanlı zəfərdən güc alır,

Doğulan günlərimiz, nurlu səhərdən güc alır.

 

Bakımız fəxr eləyir, "Qız qalası" köksündə,

Şəhərim dalğalanan mavi Xəzərdən güc alır.

 

Qarabağ torpağına, bax, yenidən doğdu Günəş,

Ucalan bayrağımız orda hünərdən güc alır.

 

Yağı düşmənlərimiz məğlub olub, hiyləsi çox,

Bizi qorxutmaq üçün bir, iki nəfərdən güc alır.

 

Bu gün azad olunan Xan Qarabağ çox sevinir,

Şuşatək şux dayanan, güclü şəhərdən güc alır.

 

Edirik fəxr(i) yenə Rəhbərimiz öndə gedir,

Güvənir millətinə köksü qəhərdən güc alır.

 

Elə bir layla deyək, cəm(i) şəhidlər uyusun,

Baş əyib hər şəhidə Lilpar əsərdən güc alır.

 

***

Polad Həşimovun əziz xatirəsinə həsr olunub

 

Bu Ana torpaq üçün verdi şirin can Şəhidim,

Vətənə öz canını eylədi qurban, Şəhidim.

 

Torpaq eşqiylə yanan gör nə qədər var igidim,

Səni tək qoymayacaq, qalma nigaran, Şəhidim.

 

Qara zülmətdi çökən torpağımın hər yanına,

Gün olar, vaxt ötüşər, tez qızarar dan, Şəhidim.

 

Sən Şəhid olduğun an, Göy Yerə qan yaş tökdü,

Neçə min İnsan ilə susmadı meydan, Şəhidim.

 

İndi Ərlər yığışıb, cəbhəyə bir-bir yazılır,

Edələr erməniyə hər yanı zindan, Şəhidim.

 

Gözləyir yaşlı, cavan, Ali Komandan versin,

Qurtarar torpağımı bir yeni fərman, Şəhidim.

 

Çoxdu düşmənlərimiz, Tanrı bizə yar olsun,

İstəmir birlik olaq, var neçə şeytan, Şəhidim.

 

Türkə türk oldu dayaq, birdi Vətən torpağımız,

Bizi tərk eyləmədi, Türk eli bir an, Şəhidim.

 

Nə qədər düşmənimiz var, bizi heç sevmədilər,

Neçə yol söylədilər bizlərə böhtan, Şəhidim.

 

Sənin ismin yazılan, hər təpə, dağ and yerimiz,

Yaşadar bil ki, səni, keçsə də dövran, Şəhidim.

 

Öz ürək sözlərini yazdı sənin şə'ninə həm,

Lilparın könlü bu gün oldu qızıl qan, Şəhidim.

 ***

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Sumqayıtlı (əslən Qubadlıdan olan) şəhid Mustafayev Rüfət Zöhrab oğluna həsr olunub bu qəzəl.

 

Nakam gedibdi, yoxdu bu dünyası Rüfətin,

Qalmış gözündə gör neçə xülyası Rüfətin.

 

Gənciydi, soldu arzusu, tez köçdü can verib,

Çoxdan xəzan olub güli-rənası Rüfətin.

 

Yansın dilin, fələk, niyə qıydın bu oğlana,

Ağlar qalıbdı sevgili Leylası Rüfətin.

 

Afət, sənin bu dərdini mən yazdım, ay bacı,

Könlündə daşmasın qəmi, dəryası Rüfətin.

 

Heç kim onun dilindən acı bir söz duymadı,

Cənnətdə bitdi gördüyü röyası Rüfətin.

 

Dillərdə qəhrəmanlığı dastandı hər zaman,

Bitmiş cahanda ömrü və üqbası Rüfətin.

 

Bayraq, Vətən deyib özü yollandı cəbhəyə,

Aləmdə vardı düz yolu, təqvası, Rüfətin.

 

Çatsın əlin Hüseynə görüm bir gün, ay oğul,

Çoxdan susuz qalıb quru səhrası Rüfətin.

 

Lilpar, yazır qələm yenə qan ağlayır vərəq,

Misra donub, sətirdədi mənası Rüfətin.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər