21.11.2024, 16:53
AZ EN
11.12.2023, 17:52 495

O xan Qaziləri salamlayıram

YARADICILIQ

Filologiya üzrə fəlsəfə doktoru, şairə Adilə Həsən qızı Nəzərova 1969-cu il mayın 26-da Şərur rayonunun Şəhriyar kəndində doğulub. Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə Azərbaycan Müəllimlər İnstitutunda bakalavr, Azərbayvcan Dövlət Pedaqoji Universitetində magistr təhsili alıb. Azərbaycan Respublikasının Təhsil İnstitunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsidə aparıcı elmi işçi vəzifəsində çalışır.

Şeirləri Türkiyə türkcəsinə, rus, fars, fransız və özbək dillərinə tərcümə olunub. 12 kitabın müəllifidir. Yazıları mütəmadi olaraq dövrü mətbuatda çap edilir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Kitab Evi" İctimai Birliyinin sədridir.

Adilə Nəzərin Zəfər ətirli şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik.

ZƏFƏRİNƏ QURBANAM

Dünya, şərindən uzaq

Bəşərinə qurbanam.

Üzü dana açılan

Səhərinə qurbanam.

 

Vətən, hər bir mərdinə,

Bərənə, həm bəndinə,

Azad olan kəndinə,

Şəhərinə qurbanam.

 

Atdım köhnə qorxunu...

Çəkdim cana qoxunu.

Dostdan gələn doğrunun

Zəhərinə qurbanam.

 

Haqq deyərəm, budur sirr,

Dilim titrəməz tir-tir,

Bəxtinin elə bu bir-

Təhərinə qurbanam.

 

Çox itkiylə tanışan,

Köz-köz yanan, alışan,

Hələ gözdə danışan

Qəhərinə qurbanam.

 

Oğlun deyər qana qan,

Qızın deyər sənə “Can!”

Ey anam Azərbaycan,

Zəfərinə qurbanam.

 

AZƏRBAYCAN ƏSGƏRİNƏ

Ey adlı qəhrəman, adsız qəhrəman,

Qarşında yağılar diz çöküb titrər.

Şükr, sən tərəfə dolandı dövran,

Daha nə itirsə düşmən itirər.

 

Gözünü yummadın soyuq səngərdə,

Gecələr bizim də yuxumuz azdı.

Sən ey fateh oğul, sən ey sərkərdə,

Şəninə min dastan yazılsa azdı.

 

Haqq idi bayrağa içdiyin andın,

Min illik yolları qət etdin, əsgər.

Yeni tarix yazdın – zəfər qazandın,

Şuşa qalasını fəth etdin, əsgər.

 

Başın uca olsun, ay gözüm, canım,

Vüsala yetişdi könül sevdası.

Sayəndə güləcək Azərbaycanım,

Gəldi Qarabağın o xoş sədası.

 

QAZİLƏRİ SALAMLAYIRAM
Döşünə qəlpəni qızılgül kimi,
Taxan Qaziləri salamlayıram.
Düşmən üzərinə çoşğun sel kimi,
Axan Qaziləri salamlayıram.

 

Üz-üzə dayanıb mənfur yağıyla,
Keçib imtahandan can sınağıyla,
Girdiyi meydandan tək ayağıyla
Çıxan Qaziləri salamlayıram.

 

Gedib babaların şanlı iziylə,
Savaşa atılıb bıçaq-nizəylə…

Gözünü itirib, könül gözüylə,
Baxan Qaziləri salamlayıram.

 

Payız gətirsə də ömrünün yazı,
“Cəngi”də dil açdı qəlbinin sazı,
Qoymadı zəfərə bizi tamarzı,
O xan Qaziləri salamlayıram.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər