19.04.2024, 13:19
AZ EN
08.12.2022, 13:37 260

Dərələyəzli Aşıq Cəlil

YARADICILIQ
  • Aşıq Cəlil 1868-ci ildə Dərələyəz mahalının aşıq və şairlər məskəni kimi tanınan Sallı kəndində anadan olub, burada  bоya-başa çatıb. Mənbələrdə qeyd olunur ki, saz çalmağı da bəstəkar aşıqlarımızdan оlan Dəhri təхəllüsü ilə tanınan Dəstəli Aşıq Abbasdan öyrənib. Dəhri saz  havaları ilə muğamlarımızın  vəhdətini yaradan bir el sənəkarı оlmuşdur. Оnun da bəstəkarlıq qabiliyyəti şer qoşma bacarığından çох-çох yüksəkdə dayanımışdır.

Belə bir ustaddan dərs alan Aşıq Cəlil hələ gənc yaşlarından saz havalarının gözəl ifaçısı kimi tanınmışdır. Ağsaqqaların, eləcə də aşığın nəvəsi Aşıq Mirzalı  Mirzalıyevin хatirələrindən aydın оlur ki, el sənəkarının yaratdığı 12 saz havası bizim günlərədək gəlib çatmışdır. El ağsaqqalları və  ustad aşıqlar «Baş Cəlili» «Оrta Cəlil» «Ayaq Cəlil», «Qaytarma»,  “Sallama gəraylı” (çох vaхt ona “Dərələyəz gəralyısı” da deyirlər) və başqa havaların yaradıcısının Aşıq Cəlil olduğunu bildirirlər.

Aşıq Cəlil Dərələyəz aşıq mühitinin ustad aşığıdır. Bu böyük aşığın cəmi beş şeiri, yəni üç qoşması və iki təcnisi dövrümüzə qədər gəlib çatıb. Aşıq Cəlil həm də Dərələyəz aşıq mühitində bəstəçi aşıq kimi də tanınmışdır. Onun on iki aşıq havası məlumdur. Bu ustad aşığın on beş şəyirdi olmuş, onların arasında el sənətkarının üç oğlu da bu sənətə könül verib. Qeyd edək ki, Aşıq Cəlil haqqında xüsusi araşdırma, tədqiqat aparılmayıb. Gələcəkdə belə araşdırmaların aparılması Aşıq Cəlilin ədəbi irsinin ətraflı işıqlandırılmasına imkan yaradar.

Dərələyəz mahalı da Göyçə mahalı kimi sazın-sözün məskən olub. Daha doğrusu, bu ərazi Göyçə ilə qonşuluqda yerləşir. Bu mahalları bir-birindən Səlim gədiyi ayırır. Dərələyəzin Sallı, Hors, Qabaqlı,Qaraqaya kəndləri aşıqlar yurdu sayılıb. Bu kəndlər arasında Sallı kəndi xüsusilə seçilib. Dərələyəz aşıq mühitinin formalaşması və inkişafı təbii ki, Göyçə aşıq mühiti ilə qarşılıqlı təmas və mədəni münasibətlərlə bağlıdır. Göyçə aşıqlarının Dərələyəz mahalına toy-düyünə çağrılması inkişaf ahənginin eyni axarla getməsinə geniş imkan və şərait yaradıb. Bunlardan əlavə, gah Göyçə aşıqlarının Dərələyəz aşıqlarını, gah da əksinə - Dərələyəz aşıqlarının Göyçə aşıqlarının saz-söz meydanına çağırılması və sənət imtahanına çəkilməsi də inkişafda az iş görməyib.

Burada Aşıq Cəlil, Şair Təhməz, Dəllək Xələf, Aşıq Əsəd, Şair Alhüseyn, Şair Ağamurad, Şair Rzaqulu, Aşıq Qulu, Aşıq Bəhman, Aşıq Mirzalı, Şair Rəhman kimi saz-söz xiridarları yetişiblər. Aşıq Cəlilin ustadı Aşıq Abbas olub. Aşıq ömrünün son illərini Naxçıvanın Dizə kəndində keçirib, burda da rəhmətə gedib.

Bu qoşmalardan ən çox diqqət çəkəni “Hardasan” qoşmasıdır. Bu şeiri olduqca əhəmiyyət daşıdığından mən onun əksər hissəsini olduğu kimi verməyi məqsədə uyğun hesab etdim. Aşıq Cəlil deyir:

 

Soruşmursan dost-tanışdan hardasan?

Sağım yağı,solum düşmən,dardayam.

Dörd bir yanım dəmir qəfəs tordayam,

Yetiş dada,canım-gözüm,hardasan?

 

Yapon bu yerlərdə meydan sulayır,

Nijde belimizdə ocaq qalayır.

Yurdumuzda-yuvamızda bayquş ulayır,

Sönür od-ocağım,gözüm hardasan?

 

Şeirdən də göründüyü kimi, əvvəlki bənddə müəllif özünün çətinlikdə, darda olduğunu “sağım yağı”, “solum düşmən”, “dörd bir yanım dəmir qəfəs” ifadələri ilə bildirir. Bunun nə ilə bağlı olduğu isə növbəti bənddə tam aydınlığı ilə təsvir edilib. Yapon adlı qəddar erməni komandirinin meydan sulamasını, Nijde kimi cəlladın adamların belində od qaladığını deyir, buna görə də yurd-yuvada bayquşların ulaması göstərilir. Burada Arpa qayası, Civə, Sallı,Ərgəz, Leyliqaçan, Bülbülölən kimi toponimlər sadalanır,bu yerlərdə yaşayanların müsibətdə qaldığını göstərir.

Aşıq Cəlilin üçüncü qoşması (“Bilmərəm”) “dedim,dedi” formasındadır, sadəcə burada müəllif bunu “dedilər,dedim” kimi verib. O deyir:

 

Dedilər: Çatginən şana-şöhrətə,

Dedim: Çatmamışam, çata bilmərəm.

Dedilər: Ləzzət var arsız ömürdə,

Dedim: Görməmişəm, görə bilmərəm.

 

Dedilər: Sağlam gör görsən hər kəsi,

Dedim: Təbiblərə etmərəm bəhsi.

Dedilər: Cənnətdi namərd kölgəsi,

Dedim: Yatmamışam, yata bilmərəm.

 

Dedilər: Ay Cəlil, gəl eyləmə naz,

Dedim: Rüzgara ərkim var bir az.

Dedilər: Mənliyin satmasan olmaz,

Dedim: Satmamışam, sata bilmərəm.

 

Şeirdə sadalanan ifadələr (“Şana-şöhrətə çatmaq”, “ləzzət var arsız ömürdə”, “cənnətdi namərd kölgəsi”,”mənliyini satmasan olmaz”) ancaq alçaq xislətli, bimürvət, naxələf insanlara məxsus sifətlərdir. Əslində böyük aşıq bununla insanın müsbət xasiyyətli olduğunu yada salır, yaxşını qoyub pisə meyl etməni təqdir etmir. Bunu da ustadlar sayağı sözündə-şeirində göstərir, xalq müdrikliyini yaşadır. Əslində bu, ustad aşığın el arasındakı vəzifəsi, ağsaqqallıq borcudur. El gözündə aşıqlar, məclislər yaraşığı kimi qiymətləndirilir. Elin belə yüksək qiymətini doğrultmaq üçün aşıqlar el gözündə uca olmağa, öz sənəti, mərifəti, biliyi ilə xalqa xidmət etməyə çalışıblar.

Digər tərəfdən Aşıq Cəlil 1905-1907, 1915-1920-ci illərdə baş verən erməni vəhşətlərini, dəhşətli 37-ni, repressiyaları, 1948-1953-cü illərdəki deportasiyanı görmüş adamdı. Eyni zamanda Sovet İttifaqı dövründə siyasi motivli şeirlərə qadağa qoyulmuş, həm də namərd ermənilər hökumət tərəfindən himayə olunurdular. Yeri gəlmişkən qeyd edək ki, Aşıq Bəhman Azərbaycana deportasiya olunundan sonra on bir yerdə ev tikməli olsa da,buralarda binə bərkidə bilməmiş,axırda Xaçmazın Arzu qəsəbəsində bənd alıb qalmışdı. Bəli, repressiyalar, soyqırım, deportasiyalar Qərbi Azərbaycandan olan sənət adamlarına, el sənətkarlarına da amansız zərbə vurub, onların yaradıcılığının vaxtında toplanıb yazıya alınmasına imkan verməyib. Didərginlik, köçkünlük, yurdsuzluq bu həssas qəlbli adamlara dərd və bəla gətirdi.

Aşıq Cəlil Dərələyəz aşıq mühitinin ən görkəmli nümayəndəsi, həm də Sallıdakı Aşıq Cəlil ocağının yaradıcısıdır. Aşığın qardası Aşıq Məhəmməd, aşığın üç oğlu və iki nəvəsi də el sənətkarları kimi tanınıblar. Təbii ki, onların bədii yaradıcılıqları da olub. Cəlil ocağı da Ələsgər ocağı kimi ətrafına aşıqları və el şairlərini toplayıb, Dərələyəz aşıq mühitinin formalaşmasına və inkişafına imkan yaradıb. Aşıq Cəlillə, Cəlil ocağı ilə bağlı tədqiqatların daha dərindən aparılacağına, mühitə məxsus regional saz havalarının musiqi yönümündən də araşdırılmasına inanırıq.

El sənətkarının ömrünün sоn günləri məşəqqətli keçmişdir. Aşıq nurani yaşında daşnaq zülmündən qaçaraq Naхçıvana pənah gətirmiş, ömrünün sоn illərində burada yaşayıb  yaradırmışdir. Yeni yоl kəndinin qоcaman sakinləri aşığın vəfatı tariхini dəqiq yadlarında saхlamamışlar. Mənbələrdə bildirilir ki, Aşıq Cəlili 1924-1928-ci illərdə vəfat etmiş və Dizənin Qərib qəbistanlıqda dəfn edilmişdir. Aşığın yeganə оğlu atasını sənətinin yaşadan Bəhmən isə Böyük Vətən müharibəsi cəbhələrindən geri dönməmişdir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər