01.07.2025, 01:06
AZ EN
30.06.2025, 16:22 216

Zəngəzurun gözəli sən, gözü mən…

YARADICILIQ
  • Tanınmış telejurnalist, şair, Prezident mükafatçısı Bəhruz Allahverdi oğlu Niftəliyev 1987-ci ildə Bakı şəhərində anadan olub. 35 saylı məktəbdə orta təhsil alıb. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Televiziya rejissorluğu” ixtisasına yiyələnib, bakalavr, magistratura pillələrini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də müxbir kimi başlayıb. “Mədəniyyət xəbərləri” redaksiyasında redaktor, baş redaktorun müavini vəzifələrində çalışıb. Hazırda "Mədəniyyət" telekanalının direktor müavinidir.

B.Niftəliyev Mədəniyyət televiziyasında yayımlanan ata-baba yurdu Qərbi Azərbaycandan olan ailələrin başına gətirilən müsibətlərdən bəhs edən “Mənim ailəm” sənədli-bədii filmlər silsiləsinin müllifidir. O, Əməkdar jurnalist Flora Xəlilzadənin övladıdır.

İnanırıq ki, “Salam, Xocalı, axır ki, adın gələndə gülümsəyə bildim…” -  deyən şairin tezliklə doğma Zəngəzurda da üzü güləcək… Elə bu arzuyla da onun öz FB səhifəsində paylaşdığı və izləyənlər tərəfindən maraqla qarşılanan “ZƏNGƏZUR GÖZƏLİNƏ” adlı şeirini “Vətən səsi”nin oxucularına təqdim edirik.

 

Ay sevgilim, boylana gəl, boylana,

Çiçək taxıb yaxana gəl, yaxana,

Günəş batıb, günəş doğub çıxana,

Yanımda qal, yanımda qal, ay gözəl.

 

Bu el mənim, bu yurd mənim taxtımdı,

Bu əl mənim, bu üz mənim bəxtimdi,

Sənlə gülmək, sənlə ölmək əhdimdi,

Yanımda qal, yanımda qal, ay gözəl.

 

Al əlimdən dincliyimi apar sən,

Daş könlümün qapısını qopar sən,

Ürəyimdə ürəyini taparsan,

Yanımda qal, yanımda qal, ay gözəl

 

Zəngəzurun gözəli sən, gözü mən,

İrəvandan üzü bəri izi mən,

Bu Bəhruzun sözü sənsən, özü qəm,

Yanımda qal, yanımda qal, ay gözəl!

 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər