Qeyd edək ki, Arzu xanımın həyat yoldaşı hərbi təyyarəçi, baş leytenant Yusif Yaqub oğlu Vəliyev 1992-ci ildə vətənimizin azadlığı və bütövlüyü uğrunda döyüşdə qəhrəmanlıqla şəhadətə ucalıb.
Arzu Nehrəmlinin Vətən qoxulu şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik.
GÖYÇƏK VƏTƏN
Adəm oğlu azıb gələn,
Adın daşa yazıb gələn,
Yaddaşlardan sızıb gələn
Həqiqətsən, gerçək Vətən.
Bir nəğmədir duruşuğun,
Açılıb yol dolaşığın,
Sarmaşığı yaraşığın,
Üstü-başı çiçək Vətən.
Sinə gərdin fitnə-felə,
Dərdi unut innən belə,
Nazına qurban, naz elə,
Sığalını çəkək, Vətən
Al qızını, sıx köksünə,
Şeiri tərifdir hüsnünə,
Gör, necə oxşayıb sənə,
Gözəl Vətən, göyçək Vətən.
BİZ BU EVDƏ YAŞAYIRDIQ
Biz bu evdə yaşayırdıq...
Dünyanın ən işıqlı, geniş evində.
İki nəfər idik:
Mən və O.
Hər səhər pəncərəmizdən yayı-qışı
bəlli olmayan günəş boylanardı.
Sonra üç nəfər olduq:
Mən, O, qızımız.
Evimiz bir az da böyüdü, işıqlandı,
səsə-küyə qərq oldu.
Amma... amma
bir gün ulduzları olmayan
gecənin sabahı da olmadı.
Gözükölgəli günəş
buludların qarasını üzünə çəkib getdi.
Biz iki nəfər olduq:
Mən və qızımız.
Daha bu evdə yaşamadıq,
Çünki evimiz çox kiçik və qaranlıq olmuşdu.
ŞƏHİDLƏR
Haqqa, azadlığa gedən yolsunuz,
Bizi bizdən yaxşı duyan şəhidlər.
Yığışıb bir yerdə Vətən olmusuz,
Elinə, yurduna həyan Şəhidlər.
Yatmış saatımı çəkib qurmayın,
Təzdən ürəyimi sıxıb qırmayın,
Məni başqa adla öyüb durmayın,
Adım da, imzam da, soyum Şəhidlər.
Daha mənə arzular da yük gəlir,
Yaram dərinləşib, yaram köhnəlib,
Sinəm altda şəhid şeirim köklənib,
Dastanım, nağılım, boyum Şəhidlər.
DƏRD MƏNİ ÇƏKİR
Bu hansı səfərdir, hara gedirəm?
Ağlımda min fikir, başda min fikir.
Elə bilərsiniz üsyan edirəm,
Vallah, dərd çəkmirəm, dərd məni çəkir.
Ocaqda qazanım dərdə qaynayır,
Nə atəş anlayır, nə də su anır.
Bir az gec bişincə, tamarzı kimi
On günün acıtək ağzım sulanır.
Elə sığınmışam isti qucaqtək,
Hələ olmayıbdır dərddən yıxılam,
Qoynuna girmişəm yetim uşaqtək,
Dərdin ətəyindən tutub qalxıram.
Hələ açılmamış sirrəm, sualam,
Nə qədər cavablar pərt çıxıb gedib.
Deyirəm, bir sabah mən necə ollam,
Birdən durub görsəm, dərd çıxıb gedib?!
QIZIMIN ATASI, ANASI, QAYIT
Həyat yoldaşım Yusifin dilindən
Üzündə giley var, dilində ağı,
Öpüb qucaqlama daşı-torpağı.
Dur, get evimizə gəlinsayağı,
Ömrümün parası, yarısı, qayıt!
Bilirəm, incidib, bu illər səni,
Dondurub, üşüdüb fəsillər səni.
Qınayar ürəklər, könüllər səni,
Elimin pərişan sonası, qayıt!
Axıtma göz yaşın, arxına dönnəm,
Düşərəm selinə, axına gəlləm,
Get dincəl, bu gecə yuxuna gəlləm,
Tökmə gözlərinin qarasın, qayıt!
Ürəyin dopdolu, sözün qalıbdır,
Heç vaxt çəkilməyən nazın qalıbdır,
Bir ömür istəyin, arzun qalıbdır,
İçində bir ümid varsa da, qayıt!
Bilmirəm, nə kimi varmışam sənə,
Bir yığın xatirə qoymuşam sənə,
Sən elə bilirsən doymuşam sənə?
A Məcnun sevdamın Leylası, qayıt!
A sönük ülkərim, nə deyim sənə,
Söykə taleyini günün birinə,
Al ağır yükünü çiyinlərinə,
Qızımın atası, anası qayıt!
Hazırladı: Mina RƏŞİD