25.06.2025, 12:00
AZ EN
08.09.2024, 18:01 368

Zəngəzur - bir sevən nəğməli ürək…

YARADICILIQ
  • Hidayət Xuduş oğlu Orucov Qərbi Azərbaycanda Mehri rayonunun (Zəngəzurun Mığrı bölgəsinin) Maralzəmi kəndində anadan olub.

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb (1963-1968). Əmək fəaliyyətinə Mehri rayonundakı Maralzəmi kənd ibtidai məktəbin müdiri kimi başlayıb (1964-1968). “Sovet Ermənistanı” redaksiyasında ədəbi işçi (1966-1968), Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının direktoru (1968-1984), “Gənclik” nəşriyyatının baş redaktor müavini (1984-1986), baş redaktoru (1986-1992) vəzifələrində işləyib. Ermənistan Yazıçılar İttifaqında idarə heyətinin üzvü və Azərbaycan ədəbiyyatı dərnəyinin sədri (1980-1984), Ermənistan Teatr Cəmiyyəti idarə heyətinin üzvü (1974-1984) olub. Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri (1992-1993), milli siyasət məsələləri üzrə dövlət müşaviri (1993-2005), Milli Azlıqlarla və Dini Qurumlarla İş üzrə Dövlət müşaviri (2005-2006), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2006-2012) olub.

“Nəyin var?” adlı ilk şeiri “Ədəbi Ermənistan” almanaxında (1963) dərc olunub. O vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir. Poetik yaradıcılıqla bərabər bədii tərcüməyə də xüsusi diqqət verir. Bir çox klassik və müasir yazıçıların əsərlərini, V.Şekspirin “Yaxşı qurtaran iş yaxşıdır” pyesini, H.Biçer Stounun “Tom dayının koması” romanını dilimizə çevirib. “Məhəbbət yaşayır hələ”, “Məni qınamayın”, “Mənzil əhvalatı” pyesləri Bakı, Yerevan, Naxçıvan, Ağdam və digər teatr səhnələrində oynanıb. 1989-cu ildə erməni təcavüzünə etiraz əlaməti olaraq Ermənistan Əməkdar mədəniyyət xadimi fəxri adından imtina edib.

“Şöhrət” ordeni (2004), Gürcüstan və Dağıstanın “Ləyaqət” ordeni ilə təltif olunub. Çuvaşıstan Respublikasının ali ədəbi mükafatı – Paydulla İskeyev adına Çuvaş Beynəlxalq Ədəbi Mükafatı laureatıdır. Əməkdar incəsənət xadimidir (1991).

Bu günlərdə 80 yaşına qədəm qoyan Hidayət müəllimin Zəngəzur  nəfəsli, Vətən qoxulu şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik.  

 

ZƏNGƏZUR

Dayım Əli Məmmədovun unudulmaz xatirəsinə

 

1. Harda xəstələnsəm...

 

Bir asta yeri dağ cığırlarla -

Qar uçar,

            daş qaçar,

                        qaya sürüşər...

Aranda dayanıb uca dağlara

Boylanmaq istəsən,

            papağın düşər.

 

Dəli çağlayanlar hayqırar, çaxar,

Durnalar

            karvanı olar göylərin.

Gözəllik

            çaylara qoşular, axar,

Dağlar fikirlidir,

            dərələr - dərin...

 

Bu ulu diyarın hər çəhlimini

Çəkmişəm ömrümün varaqlarına.

Harda xəstələnsəm, a dostlar, məni

Çatdırın Zəngəzur yaylaqlarına.

 

Görüb qartalların öz yuvasını

Çinara dönərəm,

            dağ olaram mən.

Udub zirvələrin saf havasını,

Davasız-dərmansız sağalaram mən.

 

2. Təbiət tərifləyib

 

Bura durnagözlü bir diyardır ki -

Tale gözəlliyi yerə səribdir.

İydəli, söyüdlü ilk bahardır ki,

Ana təbiətdən təriflənibdir...

 

Mığrı gecələri qəndiltək yanar -

Ulduzlarmı yerə tökülüb, nədir?

Xəllərgə çayının nəğməsi ki, var,

Təbiət dilində min hekayədir...

 

Qafanın qəribə səfası vardır;

Arxası söykənmiş uca dağlara,

Dağ yolu - alnının qırışlarıdır,

Sinəsi oxşayır ilkin bahara.

 

Zəngəzur - bir sevən nəğməli ürək:

təzadlı,

            zirvəli,

                        bağlı-bərəli.

Bir əli yapışıb Arazdan bərk-bərk,

Buludlarda itib o biri əli.

Qəcəldən arana baş alan yellər

Dəli Koroğlunun telli sazımı?

Dibsiz dərələrin bəs nə gileylər? -

Dərələr

            ömrünün etirazımı?

 

Üçtəpə

            təpədən-dırnağa çiçək,

Qayalar anadan haça olubdur.

Sinəsindən ötmüş qoç igidlərtək

Zəngəzurun başı uca olubdur.

 

3. Babamın yaşıdı,

mənim yaşıdım

 

Çoban çarığının bağı açılıb,

Cığırlar

            dağların yaşı olubdur.

Ələngəz

            babamla qoşa qocalıb,

Qırx dörddə mənimlə bir doğulubdur!

 

Hicran harayı var hər gur bulaqda,

Neçə nər qəhrəman burdan su içib.

İndi mən gəzdiyim bu düzdən, dağdan,

İldırım vüqarlı igidlər keçib.

 

Qan-qada görübdür burda babalar;

Yüz kəndin torpağı - daşı itibdir.

Lökdə bir meşənin məzarlığı var -

Kötük - başdaşların yaşı itibdir.

 

Qaşlar çatılıbdır burda bir vaxtlar,

Nifrətlər, qəzəblər aşıb-daşıbdır.

Zəngin sərvətiylə öyünən diyar

Bir vaxt lütləriylə məşhurlaşıbdır.

Quraqlıq çox erkən qovub baharı,

Çörəksiz yetimin bənizi solub.

"Kasıb" Zəngəzurun qızılı-varı

"Səyyah" ingilisin cibinə dolub.

 

Zəngəzur lütləri gəzib hər yanı,

Dolaşıb kədərli, diyarbadiyar.

Bəzən də tökülən günahsız qanı

Tarixdə qalıbdır acı yadigar.

 

4. Payızla qış arasında

 

Ələngəzdən Zəngəzura baxıram -

Dağların başında duman görünür.

Ürəyimi yandırıram, yaxıram,

Yalçın qaya,

            sürü,

                        çoban görünür...

 

Duman kəmər kimi qurşanıb dağa.

Gecə...

            kəmər qaşı - göydə min ulduz!

Bir az istiləşib qaynar bulaq da,

Təpələr - kədərli,

            qayalar - yalqız.

 

Bu yerin payızı, yoxsa qışıdır? -

Qışın özünə yurd axtarışıdır? -

Çoban daş başında...

            tonqal alışır,

Payız qışa

            qış payıza qarışır...

 

5. Zəngəzurdur!

 

Bu el çeşmə məskəni,

Lilparlıdır suları.

Vəcdə gəlir insanın

İstəyi, arzuları.

Burda hər qarış torpaq

Gözəlliyin quludur,

Hər daş, hər iz, hər bulaq

Müqəddəsdir, uludur.

Tale tərifləyibdir,

Hər cizgisi yerində -

            nər artıq şey, nə qüsur,

Bir söz: - gözəllik yurdu

Zəngəzurdur,

            Zəngəzur!

 

Bağlarına dayan, bax!

Dağlarına boylan, bax!

Dərəsinə, düzünə,

Qayasına hər an: bax!

Arxlarına pıçılda

Ürəyində nəyin var?

De, köksünü sıxmasın

Kədər, həyəcan, qubar.

De, dinləyər dərdini,

Əlac eləyər sənə.

De, boşaldar qəlbini

Göylərin qübbəsinə.

Burda her şey minnətsiz,

Dünya büllurdan - büllur.

Bir söz, dolaşdığın yer

Zəngəzurdur,

            Zəngəzur!

 

Harda qarşına çıxsa

Təmənnasız yaxşılıq,

Harda üzünə gülsə

Mehribanlıq, xoş qılıq,

Sevgin qanad açaraq

Zirvələrdə dolansa,

Harda yaran sağalsa,

Harda ömrün uzansa,

Harda qəlbinə dolsa

İnam, əzəmət, qürur -

O yerin əzəl adı,

İndiki gözəl adı

Zəngəzurdur,

            Zəngəzur!

 1965, iyun-dekabr

1975, fevral

 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər