21.11.2024, 16:32
AZ EN
28.09.2022, 20:00 288

Kəndi işğaldan azad olunmuş şairin Zəfər sevinci

YARADICILIQ
  • Onu 90-cı illərdən “Ədalət” qəzetindən tanıyıram. Sadə, makinaçı işləyən bu xanım elə gözəl şeirlər yazırdı ki, bəzi tanınmış şairlər sözü onun kimi tutarlı deyə bilmirdi. Onun şeirlərini dinləyənlərin münasibəti Tahirə xanımı həvəsləndirir, ona qol-qanad verir, yazmağa ruhlandırırdı...

İmanova Tahirə Osman qızı 1954-cü ildə Ağdam rayonunun Mollalar kəndində doğulub. Məktəbə çox erkən qəbul edilib. Buna səbəb lap kiçik yaşlarından ədəbiyyata olan marağı olub. 5-6 yaşında onlarla şeiri əzbərdən söyləməsi, fitri istedadı, zəkası ilə balaca Tahirə müəllimlərini təəccübləndirməyi bacarıb. Orta məktəbi əla qiymətlərlə başa vurub. Hüquqşünas olmaq istəyib, ancaq düz 4 il ali məktəbə imtahan versə də, sonda müsabiqədən keçə bilməyib. Sonra anasını itirib və 8 uşaqlı ailəyə baxmaq məcburiyyətində qalıb. Ali təhsil ala bilməsə də, öz bacarığı ilə müxtəlif yerlərdə çalışıb. Əvvəl sovxozda çalışıb, sonra uşaq bağçasında  tərbiyəçi işləyib.

Ağdamın, doğma kəndlərinin işğalından sonra Suraxanı rayonunda Təmir-tikinti inzibati binasında məskunlaşıb. “Ədalət” qəztində makinaçı kimi çalışıb. Yazı qabiliyyəti olduğundan bir çox qəzetlərlə müxbir kimi əməkdaşlıq etməyə başlayıb. “Durnalar qayıdanda”, “Unuda bilmirəm” və İkinci Qarabağ Müharibəsinin şəhidi Mədət Qənbərova həsr etdiyi “Qələmini silaha dəyişən Mədət” adlı kitabların müəllifidir. Onu da qeyd edək ki, Tahirə xanım mərhum jurnalist Vahid İmanovun bacısıdır.

Torpaqlarımızın, o cümlədən, Tahirə xanımın doğma kəndlərinin də, işğaldan azad edilməsi xəbəri onu həvəsləndirib. Deyir ki, Zəngilanın Ağalı kəndinə köçən insanlara qoşulub sanki o da, doğma kəndinə qayıdıb. Sevincinin həddi-hüdudu yoxdur, özünü xoşbəxt hesab edir. Deyir, bizi doğma yurdumuza qaytaran Müzəffər Ali Baş Komandanımız İlham Əliyev sağ olsun, Ordumuz var olsun. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, bizim üçün yarıcanından olmuş qazilərimizə İlahidən şəfa diləyirəm.

Biz də, Tahirə xanımın sevincinə şərik olur və onun şeirlərindən nümunələr təqdim edirik.

 

YOLÇUN OLUM ZƏFƏR YOLU

 

Sülh yolusan, el yolusan,

Həm yenisən, həm ulusan,

Haqqın bükülməz qolusan

Yolçun olum, Zəfər yolu.

 

Keç Göyçədən, Zəngəzurdan,

Yönüm burdan, yolum burdan,

Hey işıqlan günəş boyda

Ölçün olun Zəfər yolu.

 

Yol boyunca güllər əkim,

Burda bitsin həsrət yüküm,

Yanında bir daxma tikim

Yurdçun olum, Zəfər yolu.

 

Bünövrənə bir daş eylə,

Doğma eylə, yurddaş eylə,

Məni də yoldaşın eylə

Dostun olum, Zəfər yolu.

 

Yurd yuvama çatsın əlim,

Qoy qurtarsın dərdi-sərim,

Yamacından çiçək dərim

Çölçün olum, Zəfər yolu.

 

Şəhidlərin qan cığırı,

Həm şərəfim, həm qürurum,

Qələm yazsın bu uğuru

Sözçün olum, Zəfər yolu.

 

CƏBHƏDƏN ŞƏHİD GƏLİR

 

Dağda qar havası var,

Yağıb qar, havası var.

Vətən-qan davası var,

Cəbhədən şəhid gəlir.

 

Bəzəyin ev-eşiyin,

Məzar adlı beşiyin,

Yollara gül döşəyin -

Cəbhədən şəhid gəlir.

 

Qarşılayın qonağı,

Ellər alsın sorağı,

Uca tutun bayrağı

Cəbhədən şəhid gəlir.

 

Yolları açın, açın,

Qarşıdan qaçın, qaçın,

Yer də, göy də nur saçır

Cəbhədən şəhid gəlir.

 

ODLA OYNAMA, DÜŞMƏN

 

Odla oynama, düşmən,

Bu od yandırar səni.

“Qan”, - dedilər, qanmadın,

Belə qandırar səni.

 

Gördün, hünərimiz var,

Əldə Zəfərimiz var,

Güclü sərkərdəmiz var,

Əyər, sındırar səni.

 

Bir də, çatsan bu həddə,

Əl vursan bizim səddə,

Ayaq qoysan sərhəddə,

Ordum öldürər səni.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər