22.11.2024, 09:00
AZ EN
05.09.2023, 18:47 339

Qalx İrəvan qalasına

YARADICILIQ
  • Çağdaş ədəbiyyatımızın istedadlı nümayəndələrindən olan şair Ramiz Qusarçaylı 2019-cu ildən İrak Türkmən Yazarlar Birliyinin üzvüdür.

O, "Ay işığı" ədəbi məclisinin rəhbəri, onlarla kitabın, tərcümə əsərlərinin müəllifidir. Ədəbi uğurlarına görə dəfələrlə fəxri-fərman, diplom və mükafatlarla təltif olunub.

Şairin "Azərbaycan bayrağı" şeiri 8-ci sinif "Azərbaycan dili" kitabına və 9-cu siniflər üçün Dövlət İmtahan Mərkəzinin Test vəsaitinə daxil edilib. R.Qusarçaylı vətənpərvər şair kimi tanınır. Onun Qarabağa, Şuşaya həsr etdiyi şeirləri və qədim şəhərimiz İrəvana ünvanladığı “İrəvan” marşı ədəbi ictimaiyyətimiz tərəfindən maraqla qarşılanıb. R.Qusarçaylının Vətən qoxulu şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik.

 

İRƏVAN MARŞI

 

Ordum, yürü İrəvana,

Gəl-gəl deyir Ər şəhəri.

Vətən dönsün firavana,

Çiçəklənsin hər şəhəri.

 

Qalx İrəvan qalasına,

Qədim Turan qalasına,

Qədəm qoyaq Göy məscidə,

Vətən gəzək hər incidə.

 

Hər cəng zəfər yolu olsun,

Dönək Vətən torpağına.

Hər əsgər bir qala olsun

Azərbaycan bayrağına.

Ağrımasın Ağrı dağı,

Yaş qonmasın Alagözə.

Çağlasın Çaykənd bulağı,

Günəş gülsün Güllüdüzə.

 

Sularda yansın ahımız,

Göyçə yazaq ta Sevana.

Göl-göl əl açsın ruhumuz,-

Tuz Xəzərə, Urmu Vana.

 

Göytürk rəngi, qıpçaq cəngi,

Qoy yar olsun hər cəsura.

Qoy qovuşsun zəngi-zəngi

Zəngibasar Zəngəzura.

 

Biz gedirik İrəvana,

Düz gedirik İrəvana,

Qoy tərk etsin şər şəhəri,

Çiçəklənsin Ər şəhəri!

 

AZƏRBAYCAN BAYRAĞI

 

Şənini vəsf etməyə yetər, qüdrətim yetər,

Ulduzunu, ayını göydə mələklər öpər,

 Hər rəngində “ya qazi, ya şəhid” bir mən bitər,

 Sən ey İstiqlalımın əbədiyyət sancağı, -

Azərbaycan bayrağı!

 

Yağının min hiyləsi küydən, kələkdən keçər,

Sən sancılan ucalıq min-min ürəkdən keçər,

Dağlar yerindən oynar, daşlar ələkdən keçər,

Göylərin nur yağmuru, yerlərin göy qurşağı, -

Azərbaycan bayrağı!

 

Sən Arazın, Samurun umuduna bələndin,

Çəni ağlar Göyçənin buluduna bələndin,

Dərbəndin dərd hıçqıran sükutuna bələndin

O tayımda Savalan, bu tayımda Şah dağı,

Azərbaycan bayrağı!

 

Cəngidə cövlan yerim, cövlanda can yerimsən,

 Barışda gül çələngim, savaşda qan yerimsən,

 Sən mənim and yerimsən, mənim iman yerimsən,

 Dalğalı ləngərlərin yelpiklənən yarpağı, -

Azərbaycan bayrağı !

 

Sənsən Azadlıq eşqim, sənsən Hürr, - deyəcəyəm,

Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,

Şuşada sən qonduğun daşa pir deyəcəyəm,

Çəkəcəyəm gözümə kölgən düşən torpağı

Azərbaycan bayrağı!

Azərbaycan bayrağı!

 

GÖZÜN AYDIN, QARABAĞ!

 

Güman keçməz dağları,

Aşa-aşa qayıtdıq,

Yumruq kimi birləşib

Coşa-coşa qayıtdıq,

Biz Kəlbəcər-Kəlbəcər

Şuşa-Şuşa qayıtdıq,

Başın uca, üzün ağ,

Gözün aydın, Qarabağ!

 

Hər döyüşün başında

"Yurd yeri" var, "Cəngi" var,

Hər həmlədə ordumun

Nərəsi var, cəngi var,

Cəngavər oğulların

Şanlı zəfər rəngi var,

Gör nə deyir Lələdağ, -

Gözün aydın, Qarabağ!

 

Hər qazi bir qaladı, -

Bir qələbə örnəyi,

Şəhid-şəhid ovundu

Bu torpağın göynəyi,

Göydə mələklər öpdü

Neçə qanlı köynəyi,

Bu müqəddəs nura bax,

Gözün aydın, Qarabağ!

 

Vətəndi bu savaşın

Hər sirri, hər sehri də,

Bir atanın öyüdü,

Bir ananın mehri də,

Uçundu Göyçə-Göyçə

Zəngəzur da, Mehri də,

Silkələndi Ağrıdağ

Gözün aydın, Qarabağ!

 

Bir fırtına kükrədi

Qisas adlı limandan,

Yer əsdi, göy titrədi

Bu anddan, bu imandan,

Xalqın güvənc yeridi

Ta Ali Baş Komandan,

Dalğalan bayraq-bayraq,

Gözün aydın, Qarabağ!

Gözün aydın, Qarabağ!

 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR