25.06.2025, 06:42
AZ EN
17.11.2023, 16:15 455

VƏTƏN ADI, VƏTƏN DADI

YARADICILIQ

Filologiya üzrə fəlsəfə doktoru, dilçi alim, Prezident mükafatçısı, AYB-nin və AJB-nin üzvü, şairə, publisist, 60 dan çox kitabın müəllifi, “Tərəqqi” medalı mükafatçısı Fəridə Ləman şərəflə yaşadığı ömrünü büsbütün Vətəni sevməyə həsr edib və onun ağrısını öz ağrısı, sevincini öz sevinc bilib və bilir. Fəridə xanım Vətəni sevməkdən yorulmur. Hələ jurnalist kimi fəaliyyət göstərdiyi vaxtlarda vətənpərvərliyi ilə tanınan və sevilən şairə sonrakı illərdə də Azərbaycan poeziyasına əsrarəngiz şeir nümunələri bəxş edərək düşmənlə qələmi ilə döyüşüb, Vətən ətirli şeirləri ilə sevdirib gənclərimizə Vətəni. Canını Vətən yolunda qurban edərək şəhidlik məqamına ucalan oğullarımızı öz anası kimi bayatıları ilə oxşayıb, əzizləyib və onlarla qüurur duyur. Fəridə Ləmanın şeirinə onlarla musiqilər bəstələnib, kompizisiyalar həsr edilib. Onun yaradıcılığını dərindən izləyən və sevən ədəbiyyatımızın görkəmli nümayəndələri şairənin haqqında onlarla şeir yazıb. Fəridə Ləman həm jurnalis kimi, həm şairə kimi, həm də əsl Azərbaycan xanımı, ziyalısı kimi sevilir. Dosta sədaqəti, vəfası, mərdliyi ilə hər birimizin sevimlisinə çevrilib. Şairənin yaradıcılığı təkcə Azərbaycan poeziyası ilə bitmir. O, eyni zamanda ölkəmizdən kənarda da istedadlı şairə kimi tanınır və şeirləri oxucuları tərəfindən dərin məhəbbətlə sevilir. Fəridə xanımı sevdirən həm də onun öz mövqeyidir, möhkəm əqidəsidir, dövlətə, dövlətçiliyə, torpağa sədaqətidir.  Mənim üçün özəl və dəyərli olan, qapısını ürəklə açdığım Fəridə Ləmanı 70 illik yubileyi ərəfəsində ona möhkəm cansağlığı və yenə yaradıcılıq uğurları  arzulayıram.  

 

VAR OL, MİLLİ ORDUM, BAŞ KOMANDANIM

 

Hər gün qələbəmdən yazacağam mən,

Günəş tək göylərdən doğacağam mən,

Zülməti beşikdə boğacağam mən,

Var ol, Milli ordum, Baş Komandanım!

 

Daha dik tutacam başımı hər an,

Yaşımı siləcəm ,ey qarı düşmən.

Bax, necə peşmansan, it təki peşman,

Var ol, Milli ordum, Baş Komandanım!

 

Azadlıq xoşbəxtlik, həm də qürurdur,

Xoşbəxtlər xoşbəxti bu Ana yurddur.

Çünki övladların igiddir,mərddir ,

Var ol, Milli ordum, Baş Komandanım!

 

Torpağın köksündən çatlar silinir,

Xoş xəbər alınca Torpaq dirilir.

Hər yanda ehtişam,sevgi görünür,

Var ol, Milli ordum,  Baş Komandanım!

 

Öpür bayrağımı mehlər, küləklər,

Zirvələr tac edib, gülür ürəklər.

Çin olub arzular, ümid,diləklər,

Var ol, Milli ordum,  Baş Komandanım!

 

Fəridə duaçın gündə beş dəfə,

Vur nadan düşməni, götür hədəfə.

Güldən şərbət süzək min-min qədəhə,

Var ol, Milli ordum, Baş Komandanım!

 

SEVDİYİM  VƏTƏN

 

Mən səni Ana bətnində

Sevmişdim,

Sonra  Anamın  qucağında,

Böyütdüyü  ocağında.

Sonra da Əlifbamda,

Ana dilimdə adını

Dilimə  gətirəndə,

Səni ürəyimdə

Ümid  kimi  bitirəndə.

Böyüdükcə hər yerdə

Səni gördüm-

Atamın  şah duruşunda,

Mərd sözündə,

Qartal  gözündə.

Nənəmin  noğullu əlində,

Babamın qurşaqlı  belində.

Anamın şükranlı  dilində.

Təbiətin  dağlardan əsən

Çiçək  qoxulu  yelində,

Çayların  çoşqun  selində

Sevdim  Vətəni !

Böyüdüm  ev-ev,

Məhlə-məhlə.

Sonra  bir  məktəb  boyda,

Kənd  boyda.

Sevdiyim  Azərbaycan  boyda.

Sevgim də böyüdü

Sevgilim  oldu  Vətən,

Hər  yerdə  əlimdən  tutan.

Yellənən  bayrağımı gördüm,

O yelləndikcə

Obamın, oymağımın varlığını gördüm,

Dünyanın  düşmənin  başına

Dar olduğunu  gördüm.

Vuruldum  rənglərin ahənginə-

Mavisinə, yaşılına, alına

Arıların  pətəkdə  balına,

Lalənin  qara  xalına.

Üzü haqqa yola alan

Sufi  yoluna...

...Gördüm-Vətən  deyib

Nəğməylə  axan

Güzgülü bulaqları,

Gördüm  bin-bərəkətli  yaylaqları.

Göylərdən yağış,qar ələyən

Buludlu  piyalələri.

Şəlalar  gördüm –mirvari  gülüşlü,

Qulac  hörüklərini dağlardan  atan,

Bu  gözəlliklər  içində

Sabahımızı  gördüm sevincə  batan

Bax  belə  sevdim  Vətəni !

Qayalarda  ağac tək,gül tək  bitəni

Anadil  quşutək öz  sevdasıyla

Gecə-gündüz  ötəni.

Belə  sevdim  Vətəni –

Ömür  sürdüyüm  ocaq  boyda,

Böyüdüyüm  qucaq  boyda

İçimdə  sevgisi  ilə nur  saçan,

Çıraq boyda.

Milyonların baxışından

İçimə  axan  işıq  boyda,

Üzlərdəki  təbəssüm,yaraşıq  boyda.

Gördüm  onu qalaq-qalaq

Sevda  ilə  yazılmış  kitablarda,

Nəğməli  dodaqlarda,

Barlı  budaqlarda.

Bu  sevdayla  yol  aldım

Çığırlara,izlərə,

Milyonlara,yüzlərə...

Qalxdım  təpələrə,

Oradan  qayalara

Qoca  dağlara,almaz  qaşlı  zirvələrə.

Baxdım üzünə  qan çəkmiş buludlara,

Uçurumlara, dərələrə,

Nələrə, ah, nələrə

Keçdi  gözümdən  qanlı  tarix,

Şanlı  tarix.

Sevdim  onu

Qanını torpağına  halal edən

Şəhidim  kimi,

Azadlığım,əhdim  kimi...

Yazılan  taleyim,bəxtim  kimi.

Bir  də cəsədim boyda

Qazılacaq  qəbrim  kimi......

Sevdim  səni,VƏTƏN !

 

SALAM, GÖZƏL ŞUŞAM

Allaha şükürlər olsun, artıq bayrağımız Şuşada dalğalanır

 

Salam, gözəl Şuşam,bayrağım gəldi,

Dalğası düşmənin bağrını dəldi.

Milli ordum birə min qisas aldı,

Salam, gözəl Şuşam, salamlar olsun!

 

İsa bulağından payla şərbəti,

Topla nəmərini,topla xələti.

Odlar ölkəmizin tinət,zinəti,

Salam, gözəl Şuşam, salamlar olsun!

 

Kəs Cıdır düzündə qoç qurbanını,

Gör indən sonra da xoş növrağını-

Taleyin üzünə gün doğmağını,

Salam, gözəl Şuşam, salamlar olsun!

 

Fəridənin gözü sevincdən çeşmə,

Köksünə,qəlbinə ah,kədər çəkmə.

Qalx ayaq üstünə, bir daha çökmə,

Salam, gözəl Şuşam, salamlar olsun!

 

GÖZÜN AYDIN

 

Gözün aydın olsun, ay Ana Vətən,

Çəkilir üstündən qara buludlar.

Gözün aydın olsun, ay Ana Torpaq,

Gülür gül üzünə nurlu ümidlər.

 

Sınır düşmən beli, qoy belə olsun,

Çöksün məhvərindən saxta özülü.

Artıq tamahları baş yaranların,

Bilsin ki, hazırdı qəbri qazılı.

 

Çox "paylar" almısan haramın olsun,

Yaltaq sifətinlə quyruq gənəsi.

İndi aldığını qaytar geriyə,

Bəsdir millətinin sənə tənəsi.

 

Nə mundar adın var- yaramaz məxluq,

Hər bədxah əməldə adın görünür.

Yerin cəhənnəmdir özün bilirsən,

İndidən alovun,odun görünür.

 

Fəridə,söz ilə qanmaz ki,qanmaz,

Qandıran ordum var- qurban olduğum.

Mərhəmət bizdədir,kəramət bizdə,

Şərəfli yurdum var-qurban olduğum!

 

VƏTƏN ADI, VƏTƏN DADI

 

Qayaları deşib çıxan

Şux  baxışlı  çiçək gördüm-

Vətən  gülü!

Milyonların  arasından

Qulağıma xoş  söz  gəldi-

Vətən  dili!

Daraq  çəkdi  saçlarıma

Gül  ətriylə -

Vətən  yeli.

Yaz  yağışı, kükrəyən  çay,

Dəli-dolu coşqun qanım-

Vətən  seli!

Vətən, sənin  qurban  olum,

Gülünə  mən, dilinə  mən,

Gül  ətirli  yelinə  mən.

Coşqun, çağlar selinə  mən.

Qurban  olum, Vətən  sənə!

Ocaq  gördüm

Hənirinə çəkdi  məni-

Vətən  odu!

Şöhrət  gəzdim

Soraqladı gecə-gündüz-

Vətən  adı!

Nə şirinmiş Vətənində  yaşamağın

Vətən dadı!

Vətən,sənin  qurban olum

Ocağına,oduna mən.

Dilimizdə  əzbər  olan

Adına  mən,

Hər  nemətdən dadlı  olan

Anam  kimi adına  mən,

Dadına mən.

Qurban olum,VƏTƏN,sənə!

 

ZƏFƏR BAYRAĞI

 

Bir zəfər bayrağı sancdı zirvəyə,

Mənim igidlərim, mənim ərlərim.

Çökdü qarşısında əli uzunlar,

Hələ qarşıdadır al zəfərlərim!

 

Qurbandı canımız Torpağımıza,

Hər qarış tutyadır, Ana Vətəndir.

Soylu atalardan igid doğular,

Aprel döyüşləri bir imtahandır!

 

Titrədi torpağın, göyün ürəyi,

Dağların qoynuna səs-səda düşdü.

Vüqarla baxırdı dərələr, düzlər,

Buludlar yalvarıb ayağa düşdü.

 

 Nə şirin dadın var, TORPAĞIM ,sənin,

Ana qucağısan,yad məskən salmaz.

Yuz illər nifrətim vardı nankora,

Ölüncə bu nifrət bir an azalmaz!

 

Atalar öyünüb qürurlanırdı,

Şərəf imzasını atdı ordumuz.

Qisas yanğısı ilə elə yanırdı,

Arzu,muradına çatdı ordumuz.

 

 Sınaqdan ağ üzlə çıxdı bu Vətən,

Analar sevincdən yaşlar tökürdü.

Ordumuz Rəbbimdən bir güc almışdı,

Yağının başına daşlar tökürdü.

 

Vətən övladları-şəhid balalar,

Halal Torpağında rahat uyuyun.

Qəhrəman oğullar qisas alarlar,

Bitər nəhayət ki, bu haqsız oyun!

 

Nə qədər Vətən var, qoyduğun yol var,

Köçəcək dünyadan minlər, milyonlar.

Aprel bahar fəsli, bahar arzulu,

Sizinlə anılacaq o günlər, anlar!..

 

Min şeir, min dastan yazsam da yenə,

Qələmim gücsüzdür bu hünər üçün.

Nə deyim, nə yazım, özüm bilmirəm?!

Fəridə qurbandı igidlər üçün!.

 

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər