QIZIL HƏRFLƏR İLƏ YAZILAN TARİX BUDUR
Laçının tacı oldu Ay Ulduzlu Bayrağım,
Dərindən nəfəs aldı azad olan Torpağım.
Əbədi olacaqdır, qazanılan növrağım,
Keçmisə bağlı yurdum, əbədidir, uludur,
Qızıl hərflər ilə yazılan Tarix budur!
Zəfər çalan ordunun pişvazına çıxılsın!
Çiyinlərə mötəbər ali rütbə taxılsın,
Sevinc dolu qürurla səcdəgaha baxılsın,
İziylə getdiyimiz azadlığın yoludur!
Qızıl hərflər ilə yazılan tarix budur!
Haqqın səsi duyuldu, haqq deyənlər burdadır,
Namərdlər, işğalçılar qısdırılıb, dardadır,
Qələbə sevincimiz şirinləşib, bal dadır,
Vətən eşqi ürəkdə, beyinlərdə doludur,
Qızıl hərflər ilə yazılan Tarix budur!
Nə arzular böyütdük, Laçın sənin adına,
Diri gözlü atıldıq alovuna, oduna,
Qucaqlaşıb, öpüşüb düşəcəyik yadına,
Sənə sarı uzanan sevənlərin qoludur,
Qızıl hərflər ilə yazılan Tarix budur!
GÖZƏL ŞUŞAM..!!!
Qəhrəmanlıq salnaməsi yazıldı,
Gözəl Şuşam, Azadlığın mübarək!
Qüdrətimiz tarixlərə qazıldı,
Qədim Şuşam, Azadlığın mübarək!
"Cıdır Düzü" axın - axın qonağın,
Azad oldu illərin qan çanağı,
Dalğalandı ay ulduzlu bayrağım,
Gözəl Şuşam, Azadlığın mübarək!
Nər oğullar qarşı durdu dayandı,
"Cıdır düzü", uca dağlar Qalandı,
"Xarı bülbül" ətir saçdı, oyandı,
Gözəl Şuşam, Azadlığın mübarək!
Əsgərinin komandirin günüdü,
Alidi, Baş Kamandanın günüdü,
Sübh Səfəqli qızıl danın günüdü,
Gözəl Şuşam, Azadlığın mübarək!
Musiqinin sədaları altında,
Yüksək şüar, nidaların altında
Qayıdışın ədaları altında,
Gözəl Şuşam, Azadlığın mübarək!
KÖNLÜNÜ ALMAĞA GƏLİRİK, LAÇIN
Bu torpaga sevdalanmış "dəliyik",
İmanlıyıq, Məhəmmədik, Əliyik,
Qarşısı alınmaz dağlar seliyik,
Əbədi qalmaga gəlirik, Laçın!
Könlünü almaga gəlirik, Laçın!
O bildiyin dünya tamam dağılır,
Sinənə yığılan duman dağılır,
Şübhələr çözülür, güman dağılır,
İnan ki, biz sənsiz ölürük, Laçın!
Könlünü almağa gəlirik, Laçın!
Yenicə yaramız qaysaq bağlayır,
İlk görüş... həyacan...insan ağlayır,
Qarşımı saatlar, anlar saxlayır,
Ağrını, acını silirik, Laçın!
Könlünü almaga gəlirik, Laçın!
Gözün yolda, nə çəkmisən, bilirik,
Kədər dərib, qəm əkmisən, bilirik,
Çox gecikdik, sən çökmüsən, bilirik,
Əbədi qalmağa gəlirik, Laçın!
Könlünü almaga gəlirik, Laçın!
Buz bağlayan yolun, izin əriyər,
Asi düşən, üsyan edən kiriyər,
Hər yanını sevinc, fərəh bürüyər,
Biz də sevinirik, gülürük, Laçın!
Könlünü almağa gəlirik, Laçın!
Vəfalısı çoxdu," saxta" az qalıb,
Yerin qəlbimizdə, taxta az qalıb,
Vədə verdiyimiz vaxta az qalıb,
Könlünü almağa gəlirik, Laçın!
Əbədi qalmağa gəlirik, Laçın!
BU GEDİŞ ŞAH GEDİŞİDİR
Səngərin gulun dərmişik,
Sərhəd boyunca sərmişik,
Belə gediş görməmişik,
Bu gediş Şah gedişidir!
Döyüş sanki Şahmat oldu,
Düşmən uduzdu - mat oldu,
Qələbəmiz qat-qat oldu,
Bu gediş Şah gedişidir!
Şəhid varsa, torpaq da var,
Nakam ruhlar dinclik tapar,
Döyüşə yollandı qatar,
Bu gediş Şah gedişidir!
Qarabağ! Könlün açılsın,
Bizi ayrı salan yansın,
Yoluna işıq saçılsın,
Bu gediş Şah gedişidir..!!!
Dağların qadasın alım,
Durun məni yola salın,
Gedəcəyəm ayaqyalın,
Bu gedis Şah gedişidir!
Ağ atlı oğlan yetişdı,
Tarixə düsən bir isdir.
Tanrim! Bu necə gedişdir?!
Bu gediş Şah gedişidir!
Hazırladı: Tahirə AĞAMİRZƏ