21.11.2024, 17:09
AZ EN
21.10.2023, 17:44 447

Xankəndi, əzizim, gözlərin aydın

YARADICILIQ
  • Bu gün hər bir azərbaycanlı qürurla böyük Qələbəmizin sevincini yaşayır. Xocalıda, Ağdərədə, Xankəndidə dalğalanan bayrağımıızın sevincini hərə bir cürə ifadə edir. İstedadlı şair Paşa Babakərlinın öz FB səhifəsində paylaşdığı “Xankəndi, əzizim, gözlərin aydın!” adlı şeiri isə hər kəsin ürəyindən xəbər verir.

Yazıçılar Birliyinin üzvü Paşa Babakərli 1960-cı ildə Gürcüstanın Marneuli rayonunun Qaçağan kəndində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Yeddi kitab müəllifidir.  Hazırda "Xalq qəzeti"ndə çalışır.

 

XANKƏNDİ, ƏZİZİM, GÖZLƏRİN AYDIN!

(18-19 oktyabr 2023)

 

Otuz il ayrılıq acısı daddın,

Həsrət əlimizi uzatdıq sənə.

Xankəndi, əzizim, gözlərin aydın,

Necə yaraşırmış azadlıq sənə!

 

Qovuşduq, nə yaxşı, nə xoş gün oldu,

Yox, əti dırnaqdan ayırmaq olmur.

Bu həsrət, bu nisgil çox uzun oldu,

Hələ bu yuxudan ayılmaq olmur.

 

Otuz il cəlladlar əlində qaldın,

Otuz il. Danışmaq asandı dildə.

Qəlbimi, ruhumu əlimdən aldın,

Nə qədər sızladım bu otuz ildə.

 

Qayıtdın, ruhumu qaytardın geri,

Səbrimi, yuxumu qaytardın geri.

İndi azadlığın mübarək olsun,

Sevincin, şadlığın mübarək olsun!

 

Mənim də sevincim böyükdür bu gün,

Bayrağım ucalır zirvələrində.

İndi rahat nəfəs dərdiyin üçün

Dualar edirəm Tanrıma gündə.

 

Azadsan, ürəkdə qürurumuz var,

Səninçün vuruşduq son ana kimi.

Düşmənin başını əzən oğullar

Dolanır başına pərvanə kimi.

 

Xankəndi, Xocavənd, Şuşam, Ağdərəm,

Sevərəm, sevdikcə doymaram, səni.

Daha əllərimdən qoya bilmərəm,

Daha gözlərimdən qoymaram səni!

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər