18.04.2024, 23:18
AZ EN
26.05.2023, 21:15 234

Bu gözəl qələbənə qurban olum, ay Laçın!

YARADICILIQ
  • Tanınmış şair, jurnalist, tərcüməçi Nazim Şamil oğlu Əhmədli 1953-cü il may ayının 1-də Laçın rayonunun Əhmədli kəndində anadan olub. Orta məktəbi Laçın şəhərində bitirib, 1971-74-cü illərdə Şuşa Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. 1981-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsinə daxil olub, 1986-cı ildə ali təhsilini tamamlayıb. Həmin il Azərbaycan Yazıçılar Birliyində dəftərxana müdiri vəzifəsinə qəbul edilib.

Natəvan klubunun müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində redaktor, ümumi şöbə müdiri vəzifələrində çalışıb. 1993-1996-cı illərdə Azərbaycan Ordusu sıralarında hərbi jurnalist kimi xidmət etmiş, sonra Nərimanov rayonundakı Ekologiya litseyində müəllim, özəl Tətbiqi Elmlər Universitetinin jurnalistika fakültəsində müəllim, dekan müavini kimi əmək fəaliyyətini davam etdirib. 2012-ci ildən QHT sektorunda Skandinaviya ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədridir. Uzun illərdir Skandinaviya ölkələrində Azərbaycanın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri və Qarabağ məsələsi ilə əlaqədar layihələri həyata keçirir. 2015-2022-ci illərdə Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinin direktor müavini vəzifəsində işləyib. Hərbi jurnalist kimi Qarabağ müharibəsi veteranıdır. "525-ci qəzet"də şöbə müdiri, Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun direktoru vəzifəsində səmərəli fəaliyyət göstərib. Hazırda ictimai əsaslarla Büronun direktorudur.

Nazim Əhmədlinin şeirləri, hekayələri ölkə mətbuatında müntəzəm dərc olunur və rus, çeçen, alman, ingilis, yapon dillərinə tərcümə edilib, Türkiyə, özbək türkcələrində işıq üzü görüb. "Bir ömür sevgi", "Ruhum da sənin olacaq", "Sevgi Allahı", "Mən bir günah elçisiyəm", "Əfv eylə məni", "Mənim generalım", "Qız təbəssümü", "Mollaəhmədli və Mollaəhmədlilər", "Unutduğum göy üzü", "Buludları üstümə ört", "Bürkü" (Təbriz), "Yenə dönüb gələcəm", "Mein geliebtes fernes Meer" (Almaniya, Köln), "Stay in my Heart" (ingiliscə, Bakı), "Gökyüzünün adamı" kitablarının müəllifidir. Türkcədən yazıçı Orhan Arasın "Helenendorfun sonuncu şahidi" və "Biz Azərbaycanı çox sevdik" kitablarını, İsveç yazıçısı, Nobel mükafatı laureatı Pyer Fabian Lagerkvistin dörd hekayəsini, yapon yazıçısı Yukio Misimanın "Vətənpərvərlik" hekayəsini, Aqata Kristinin, İvan Jdanovun, Sergey Qraçovun və b. yaradıcılığından nümunələri Azərbaycan dilinə çevirmişdir. AYB Bədii Ədəbiyyatı Təbliğ Bürosonun "Yaddaş", "Qılınc və qələm", "Ədəbiyyatımızın dostu" mükafatlarını təsis edib.

Tanınmış qələm sahibi Nazim Əhmədlinin bu günlərdə 70 illik yubileyi qeyd edilib. Bu münasibətlə onu təbrik edir, qələbəmizə həsr etdiyi “Ay Laçın” adlı şeirini “Vətən səsi”nin oxucularına təqdim edirik.

 

AY LAÇIN

 

Ürəyimə dammışdı,
arzuların köçündən;
sən yenidən doğuldun,
ürəyimin içindən;
bax, üzümdə gülüş var,
gəlim qapını açım;
torpağına-daşına,
qurban olum, ay Laçın;

Otuz ilə yaxındı,
dərdin üzürdü məni;
ayrılıq çox uzandı,
bəxtim küsdürdü məni;
könlümün qubarından
ağardı qara saçım;
qar tutan yollarına
qurban olum, ay Laçın;


Sənin qartal adınla,
şah adınla yaşadım;
xəyalən caynağında,
qanadında yaşadım;
ürəyimin təpəri
eşqin, başımda tacım;
lilpar bulaqlarına
qurban olum, ay Laçın;

Dərdi kim göndərmişdi,
onu yıxdıq, aşırdıq;
Qarabağımız üçün
vulkan kimi daşırdıq;
balaca uşaq kimi,
gəlim, üstünə qaçım;
doğmaca yurd-yuvama
qurban olum, ay Laçın;

Şəhid oğullarının
qanı qalmadı yerdə;
bayrağımız asıldı
hər kənddə, hər şəhərdə;
qoy ruhunuz şad olsun,
atam, anam, tək baçım;
döyünən ürəyinə
qurban olum, ay Laçın;

Düşmənin ordusunu,
cəhənnəmə yolladiq;
qolundakı qandalı,
açıb yerə tulladıq;
daha bu gündən sonra,
olmasın ağrın-acın;
o qartal baxışına
qurban olum, ay Laçın;

 

Şir kimi döyüşdülər,
yolunda mərd oğullar;
mərd oğullar Vətənin
torpağından yoğrular;
istəyirəm bu səhər,
quş kimi qanad açım;
bu gözəl qələbənə
qurban olum, ay Laçın.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər