“Açın, bu dunyanın qapılarını”, “Bu dunyada yaxşılıqlar qalacaq”, “Məni tənha buraxın”, “Gəl, dərdləşək”, “Gedək, bəxtim, əlini ver” (şeir) və “Şərəfli ömür yolu” (publisistik) kimi kitabların müəllifidir. Ustad şairimiz Rəsul Rzaya ayrı-ayrı şairlərin həsr etdiyi şeirlərdən ibarət toplunu, şair Abbasağa Azərtürkün 70 illiyinə “Abbasağa Azərtürk xatirələrdə” və “Söz çələngi” kitablarını çapa hazırlayıb və öz hesabına nəşr etdirib. 130-dən çox kitabın redaktorudur. AYB-nin və AJB-nin üzvü, “Qılınc və Qələm” mükafatı laureatı, “Sözün işığı” jurnalının təsisçisi və baş redaktorudur.
Ədalət Salmanın Vətən sevdalı şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik.
BAYRAĞIM
Çox məşəqqətlər çəkdi
Elimiz Qarabağda.
Ucaltmağa çatmadı
Əlimiz Qarabağda.
Səni öyə bilmədi
Dilimiz Qarabağda.
Gör neçə il yaşadıq
Bu həsrətlə, Bayrağım.
Dalğalan başım üstə
Əzəmətlə, Bayrağım!
İgidlərin zərbindən
Tülkü tək qaçdı yağı.
Zirvələrə sancıldı
Qalibiyyət bayrağı.
Dosta Zəfər müjdəsi,
Düşmənə sən göz dağı.
Bədxahlarım boylansın
Qoy həsədlə, Bayrağım.
Dalğalan başım üstə
Əzəmətlə, Bayrağım!
Varlığınla tanıtdın
Dünyaya bu Vətəni,
Öpüb gözümüz üstə
Qoymuşuq hər vaxt səni.
Neçə şəhidin oldun
Sən müqəddəs kəfəni.
Anırıq ehtiramla,
Fəxarətlə, Bayrağım.
Dalğalan başım üstə
Əzəmətlə, Bayrağım!
Sən sülhün keşikçisi,
Səadət nişanəsi,
Haqq-ədalət carçısı,
Həqiqət nişanəsi.
Bu torpağın, bu xalqın
Sən qeyrət nişanəsi,
Durdun düşmən önündə
Mətanətlə, Bayrağım.
Dalğalan başım üstə
Əzəmətlə, Bayrağım!
Vətənimin adıyla
Adın çəkilir qoşa.
Hər dəfə yüksələndə
Qəlbimiz gəlir cuşa.
Günəştək ucal göyə,
Ucalarda hey yaşa!
Seyr etsin Türk dünyası
Məhəbbətlə, Bayrağım.
Dalğalan başım üstə
Əzəmətlə, Bayrağım!
ŞƏHİDLƏR XİYABANI
Ayaq saxla, asta keç
Şəhidlərin yanından.
Onlar Vətən yolunda
Keçiblər öz canından.
Bayrağım da rəng alıb
Şəhidlərin qanından.
Burda uyuyur neçə
Müharibə qurbanı.
Ziyarət et buranı,
Ziyarətgahın olsun
Şəhidlər Xiyabanı.
Hər şəhidə qoyulan
Bir heykəldi başdaşı.
Burda daşları yuyur
Anaların göz yaşı.
Şəhidlərin müqəddəs
Ruhu burda dolaşır.
Ehtiramla yad elə,
Əziz tut bu məkanı.
Xalqımın qan yaddaşı,
Bir ölməzlik dastanı, -
Şəhidlər Xiyabanı.
İgid oğullarıyla
Vətən hər vaxt öyünür.
Şəhidlərin ürəyi
O məşəldə döyünür.
Qürur hissi keçirir,
Qəlbimiz dağa dönür.
Bu yurdun yaxasında
Bir fəxarət nişanı.
Müqəddəs and yerimiz,
Əbədiyyət ünvanı, -
Şəhidlər xiyabanı,
Şəhidlər Xiyabanı!
MÜBARİZ
Milli Qəhrəman Mübariz İbrahimova
O mənfur düşmənin başının üstə,
O gecə şimşək tək çaxdı Mübariz!
O gün daş qoymadı daşının üstə,
Düşməni odlara yaxdı Mübariz!
"Biz şəhid olsaq da, sağ olsun Vətən!" -
Deyib irəliyə şığıdı birdən.
Düşmənin üstünə gör neçə yerdən,
Güllətək, mərmitək yağdı Mübariz!
Göz aça bilmədi o gecə yağı,
Gördü qisasımı intiqam çağı.
Şəhidlər qanına batan bayrağı
Əsir torpaqlara taxdı Mübariz!
Türk oğlu dünyanı saldı heyrətə,
Vicdanı yatmışlar gəldi qeyrətə.
Vətən səmasından əbədiyyətə
Parlaq ulduz kimi axdı Mübariz!
Yaralı torpağı anası sandı,
Səməndər quşutək Vətənçün yandı.
Düşmən qarşısında mətin dayandı,
Yenə səngərdədi, sağdı Mübariz!
Hazırladı: Mina RƏŞİD