22.11.2024, 01:28
AZ EN
12.12.2022, 13:44 469

Şahım, xanım, sultanım - Xudafərin körpüsü!

YARADICILIQ
  • İstedadlı şair İsmayıl İmanzadə 1945-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində dünyaya gəlib. Gəncə Dövlət Pedoqoji İnstitutunda təhsil alıb. Sonra düz 20 il Füzuli və Cəbrayıl rayonlarının orta məktəblərində dərs deyib. Daha sonra məsul vəzifələrdə çalışıb. 1993-cü ildən Mingəçevir şəhərində məskunlaşan şair "Bənövşə" və "Mingəçevir leysanı" ədəbi-bədii dərgilərinin təsisçisi və baş redaktorudur.

İ.İmanzadənin 28 kitabı çap edilib, onlardan 3-ü uşaqlar üçün yazılıb. 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinə rəhbərlik edir. İllərlə Vətən həsrəti ilə yaşayan şairin əsərlərindən yurd yerlərimizin, o cümlədən doğma Cəbrayılın səsi, nəfəsi duyulur. Şairin “Tamaşa” adlı poeması özünün söylədiyi kimi doğma Vətənin xəritəsidir:

Yuxuda "dərsəm" də çiçəyin, gülün,
Məni ovunduran, hələ "səsi"dir.
"Tamaşa" didərgin düşən bir elin
Bağrıma basdığım "xəritəsi"dir.

İ.İmanzadənin ilk şeiri 1964-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində, “Səni soraqlaram” adlı ilk şeirlər kitabı isə 1980-cı ildə “Gənclik” nəşriyyatında nəşr olunub. Şeirləri nəğmə kimi ruhumuzu oxşayan şairin sözlərinə tanınmış bəstəkarlar müsiqi bəstələyib. Onun “20 Yanvar” etüdləri” poeması və 1996-cı ildə Mingəçevir Dövlət Dram Teatrı tərəfindən tamaşaya qoyulan “Xocalı notları” pyesi Azərbaycan radiosunun və AZTV-nin qızıl fondunda saxlanılır. Bu günlərdə 77 yaşı tamam olan şairi təbrik edir, onun yurd ətirli şeirlərindən bir neçəsini oxuculara təqdim edirik.

 

TÜRKİYƏ-AZƏRBAYCAN

Bir-birinə bənzəyir
Əkiz qardaşlar kimi.
Tanınıblar ən əziz
Dostlar-sirdaşlar kimi.
Ləhcələri şipşirin,
Harda var belə sərvət?
Müdriklər yaxşı demiş-
Bir millət, iki dövlət!
Sən bir möcüzəyə bax,
Biri ürək, biri can-
Türkiyə-Azərbaycan!

 

Ay-ulduz nişanlıdır
Möhtəşəm bayraqları.
Şimşək kimi çaxıblar
Tapdananda haqları.
Ləkəsiz bir aynadır
Dənizləri, gölləri.
"Can" deyib, "can" eşidir
Obaları, elləri.
Dağları şah vüqarlı,
Həm sultandır, həm də xan-
Türkiyə-Azərbaycan!

 

Yenilməz dar ayaqda
Ərənləri, ərləri.
Şəhid ucalığından
Güc alıb zəfərləri.
Cavad xan, Rəsulzadə,
Kamal Atatürk ilə
Heydər Əliyev adlı
Qibləgahları canlı.
Ulu tarixlərinin
Hər sətri, sözü şanlı.
Böyük türk dünyasının
Cismində dövr edən qan-
Türkiyə-Azərbaycan!

 

Düşmənə göz dağıdır
Şəhərləri, kəndləri.
Bir qala timsallıdır
Bərələri-bəndləri.
Əzəl gündən hər biri
Dosta-dostdur, yada-yad.
Keçmişləri şərəfli,
Çağdaş günləri abad.
Dar ayaqda yan-yana
Dayanıbdılar hər an-
Türkiyə-Azərbaycan!


AZƏRBAYCAN ƏSGƏRİ

Vətənimin qüdrəti,
Xalqımın haqq səsisən.
Könlümdə qanadlanan
Bir zəfər nəğməsisən.
Yeri düşmən üstünə,
Babəkin, Xətainin
Ruhu sənə yar olsun!
Yenilməz hünərinlə
Xalqım bəxtiyar olsun!
Gözlərindən boylansın
Yurdun nurlu səhəri,-
Azərbaycan əsgəri!

 

Qarabağa nicat ver,
Laçında, Kəlbəcərdə
Zəhminlə, qəzəbinlə
Çatlat düşmən bağrını
Əllərinlə dart, qopart
Torpağın sinəsindən
Hər dərdi, hər ağrını!
Çağır - qisasa çağır
Səslə igidi, əri -
Azərbaycan əsgəri!

 

Şəhidlərin yaralı
Ruhu and yerin olsun!
Qələbə əzmin hər an
Ümmandan dərin olsun!
Savaş günü halay vur,-
Düzlən dəstə-dəstə sən!
Göyçədə, Zəngəzurda
Üçrəngli bayrağımı
Qaldır başın üstə sən
Al yağı əllərindən
Neçə kəndi, şəhəri -
Azərbaycan əsgəri!

 

Dayan düşmən önündə
Yenilməyən dağ kimi!
Yaşa ürəyimizdə
Yurd kimi, torpaq kimi!
Ucalt səsini, ucalt-
El sığınsın adına!
Son qoyaq hünərinlə
Vətənin fəryadına!
Dön işıqlı sabaha,
Yaramızın üstə yax
Sən qələbə soraqlı
Xoş müdəni, zəfəri,-
Azərbaycan əsgəri,
Azərbaycan əsgəri!

XUDAFƏRİN KÖRPÜSÜ

 

Ay ulu daş kitabəm, gəcavəm-taxtım mənim,

Bakı-Təbriz biçimli könül paytaxtım mənim.

Vüsala həsrət qalan taleyim, baxtım mənim -

Şahım, xanım, sultanım - Xudafərin körpüsü.

 

Arazın sinəsində daşlaşan su sonası,

Tanrıya şükranlıqdır adının ilk mənası.

Vətənin iki qütbə parçalanmış dünyası - 

Xəttim, imzam, ünvanım - Xudafərin körpüsü.

 

Hər aşrımı su yolu, hər tağı bir möcüzə,

Qəzəbi mürgüləyən sivri uclu bir nizə.

Bilən yox daş dilində nələr söyləyir bizə  - 

Rəvayətim, dastanım - Xudafərin körpüsü.

 

"Gülüstan"da boğulan səsimdi, avazımdı,

"Türkmənçay"da sərhəddə çevrilən Arazımdı.

Sağalmayan yaramdı, qanlı alın yazımdı  - 

Varlığım, and-amanım - Xudafərin körpüsü.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR