O, 1940-cı il yanvarın 10-da Xaçmaz rayonunun Canaxır kəndində anadan olub. Hülövlü kənd orta məktəbini gümüş medalla bitirəndən sonra 1963-cü ildə Quba şəhər tibb məktəbində təhsil alıb. 1964-1968-ci illərdə APİ-nin dil və ədəbiyyat fakültəsini fərqləmə diplomu ilə başa vurub. Firuzə Məmmədli institutun Naxçıvan filialında, eyni zamanda Naxçıvan pedoqoji məktəbində çalışıb. 1970-ci ildə APİ-nin Azərbaycan dilçiliyi kafedrasına göndərilib. 1990-cı ildən müasir Azərbaycan dili kafedrasının dosentidir. “Yusif Vəzir Çəmənzəminlinin tarixi romanlarının dil və üslub xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1995-ci ildən Yazıçılar Birliyinin Həmkarlar Komitəsinin sədridir. 1973-1975-ci illərdə Azərbaybaycan LKGİ MK-nın ştatdankənar təlimatçısı, 1975-1980-ci illərdə APİ-nin partiya komitəsi yanında qadınlarla iş aparan komissiyanın üzvü olub. Firuzə Məmmədli 1965-ci ildə “Vahid Azərbaycan” uğrunda mübarizəyə qoşulduğuna görə 1969-cu ildə repressiya və təqiblərə məruz qalıb.
Firuzə Məmmədli ədəbi fəaliyyətə 1963-cü ildə Xaçmaz rayonunun “Dostluq” qəzetində çıxan “Ay həkim” adlı şeirilə başlayıb. Bundan sonra dövri mətbuatda öz lirik şeirlərilə vaxtaşırı çıxış edib. 60-dan artıq elmi, tənqidi və publisist məqalənin müəllifidir. “Bədii dilin mənbələri” monoqrafiyasını başa çatdırıb. Tərcümə etdiyi özbək uşaq hekayələri “Dost əlini uzatsa” (1990) kitabında dərc olunub. Əsərləri xarici ölkə xalqlarının dilinə tərcümə olunub.
Firuzə Məmmədli dilçi-alim, ədəbiyyatşünas kimi Respublikamızın elmi ictimaiyyətinə yaxşı tanışdır. Onun “Seçilmiş əsərlərin”nin III cildinə daxil edilmiş “Y.V.Çəmənzəminlinin tarixi romanlarının dil və üslub xüsusiyyətləri”, “Bədii dilin estetik mənbələri”, “Azərbaycanın şimal-şərq bölgəsinin etnolinqvistik vahidləri” monoqrafiyaları, eləcə də cildə daxil edilmiş elmi və publisistik məqalələri mütəxəssis alimlər tərəfindən yüksək qiymətləndirilib, tələbə və magistrlərin tez-tez müraciət etdiyi mənbələrdən biri olub. Sonrakı illərdə alimin Azərbaycan ədəbi dili (1990-2010-cu illər), “Azərbaycan dilində linqvistik ekvivalentlər” adlı elmi əsərləri çap olunub. Firuzə Məmmədli bir sıra dərs vəsaiti, metodik tövsiyə və proqramların da müəllifidir. O, türk və fars dillərindən tərcümələr edib. Firuzə Məmmədlinin şeirlərindən nümunələr ingilis, rus, özbək, türkmən, gürcü, ukrayn, polyak, fransız, türk və fars dillərinə tərcümə edilib. 1992-ci ildə Türkiyənin Bursa şəhərində keçirilən “Türkcənin Uluslararası Şeir Şöləninin” üç böyük mükafatından biri olan “Əlişir Nəvai” mükafatına layiq görülən şair, sonrakı illərdə dəfələrlə belə festivalların və simpoziumların iştirakçısı olmuş, bir sıra diplom və sertifikatlarla mükafatlandırılıb.
2017-ci ildə Azərbaycan Respublika Mədəniyyət Nazirliyi tərəfindən “Qızıl kəlmə” mükafatı, 2019-cu ildə “Nəsimi” mükafatı, 2021-ci ildə III dərəcli “Əmək” ordeni ilə təltif olunub. Firuzə Məmmədli 37 şeir, nəsr və elmi tədqiqat əsərləri, o cümlədən 5 monoqrafiyanın və çoxsaylı elmi və publisistik məqalənin müəllifidir. Firuzə Məmmədli 2008-ci ilin Prezident təqaüdçüsüdür. O, 1912-ci ildə ADPU-nun 90 illik yubileyi münasibəti ilə “Tərəqqi” medalı ilə təltif edilib.
İstedadlı şair, tərcüməçi, alim Firuzə Məmmədlini doğum günü münasibətilə təbrik edir, onun doğma yurdumuza həsr etdiyi poetik nümunələrindən “Vətən səsi”nin oxucularına təqdim edirik.
ŞUŞAYA SƏFƏR
Bəxtdən gələn bir yazıyla
çıxdım ömür səfərinə:
Qarşıdaydı Şuşa taxtım, -
yolları gözümə taxdım.
Qartal kimi dağlar qalxdım,
çaylar kimi dərə axdım.
Endim, qalxdım,
qalxdım, endim...
Allah! Allah!
Yer üzünə göydən baxdım.
Qarabağın yollarını
qoluna dolayıb getdim.
Deyən elə uça-uça
gözlərimi yuma-aça
zirvələrə uçuş etdim,
bu dağların, bu düzlərin
oba-oba, mənzil-mənzil
yarasına öpüş etdim.
Gəldim sənə, bacım Şuşa
taxtım Şuşa, tacım Şuşa.
ŞƏHİD
Ağlamaqdan keçib daha,
Xeyir-dua ver şəhidə.
Yolu Haqq dərgahınadır,
Darlıq etdi Yer şəhidə.
Haqq dərgahı - Cənnət yolu,
Uçmağın mübarək, şəhid.
Yolun sonunda Allahı
Qucmağın mübarək, şəhid.
Yumaqla ömür sapını,
Haqq üzü sənə tapınır.
Mələk niqablı qapını
Açmağın mübarək, şəhid.
2021
RUHUMLA SÖHBƏT
Anamsan, bacımsan, qızımsan elə,
Halal çörəyimsən, duzumsan elə.
Qeyrətdə, hünərdə özümsən elə,
Dözümdə özün ol, özünə güvən.
Yıxılma, yıxıldın, yeri qucaqla,
Çəkilmə bir addım geri, qucaqla.
Şərə meyillənmə, xeyri qucaqla, -
Əlində, qolunda dözümə güvən.
Doğuldun qız adda çətin qismətə,
Atalı-analı yetim qismətə.
Yürü, öz əlinlə yetir qismətə,
Taleyin bükülməz dizinə güvən.
Sən elə mərdanə, sən elə safsan,
Doğmaya sədaqət, yada insafsan.
Hardasa, kimdəsə özünü tapsan,
Qəlbinə arxalan, gözünə güvən.
Doğmayıq, yaxınıq, yad da deyilik,
Umsuq ağızlarda dad da deyilik.
Neynək, bircə fəxri adda deyilik,
Sıxılma, simsarım, sözünə güvən,
Özünə, özünə, özünə güvən.
2021
Hazırladı: Mina RƏŞİD