Bu barədə Şərqşünaslıq İnstitutundan bildirilib.
Məqalədə Qərbi Azərbaycandakı İslam alimlərinin bölgənin dini-ictimai həyatının formalaşmasındakı iştirakı araşdırılıb, bir irəvanlı alimlər nəslinə xüsusi diqqət ayrılıb. Bu ailə bölgənin dini, ictimai və mədəni tarixinin əhəmiyyətli bir parçasını meydana gətirən İslam alimlərindən formalaşıb. Nəsil 1720-ci ildə doğulan Mirzə Məhəmməd İrəvani ilə başlamış, oğlu Mirzə Əbul-Qasim İrəvani (1773), nəvəsi Mirzə Əbdülkərim İrəvani (H. 1220-1294 / M. 1806-1877) və sonrakı nəsillərlə davam edib, nəslin üzvlərinin əksəriyyəti də İslam alimləri olub.
Araşdırma Əbdülkərim İrəvaninin təsəvvüf düşüncəsinə sahib olduğunu göstərməkdədir. Xüsusilə Nemətullahi təriqəti şeyxləri olmaqla dövrünün öndə gələn sufi şəxsiyyətləri ilə olan əlaqəsi, dərvişlərə göstərdiyi hörmət və əhəmiyyətli sufilərin dəfn edildiyi “Mollabaşı” türbəsini tikdirməsi bu nəticəni dəstəkləməkdədir.
Həmçinin məqalədə onun sələf və xələflərinin fəaliyyətləri nəzərdən keçirilib. (AZƏRTAC)