Bunu açıqlamasında Azərbaycanın Qarsda Baş konsulu Zamin Əliyev deyib.
Onun sözlərinə görə, turistlərin qarşılıqlı ziyarətləri iki ölkənin sözügedən bölgələri arasında məlumatlılığın artırılması baxımından önəm kəsb edir, bu istiqamətdə də iş aparılır:
"Qars Ticarət və Sənaye Palatasının (KATSO) və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Baş Konsulluğun dəstəyi ilə 17 iyun 2025-ci ildə Qars şəhərində "Birinci Azərbaycan-Türkiyə Regional İqtisadi Forumu" keçirilmişdir.
Forumun rəsmi hissəsindən sonra iş adamlarının B2B görüşləri keçirilmiş, qarşı tərəfin sualları cavablandırılıb. 16 iyun tarixində Azərbaycandan gələn iş adamları Qarsdakı sənaye zonasını ziyarət edib, bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olmuş, bölgənin investisiya imkanlarını öyrəniblər".
Konsul xatırladıb ki, Naxçıvanda 3 dekabr 2025-ci il tarixində "İkinci Azərbaycan-Türkiyə Regional İqtisadi Forumu" keçirilib və rəsmi hissədən sonra iş adamları arasında B2B görüşlər baş tutub, sahibkarlar Naxçıvandakı müəssisələrin fəaliyyəti ilə tanış olublar:
"Forumda Türkiyə tərəfindən Qars, İğdır, Ərdahan valiləri, Qarsın Bələdiyyə sədri, Qars, Ərzurum, İğdır, Ərdahan və Ağrı vilayətlərinin Ticarət və sənaye palatalarının rəhbərləri, iş adamları daxil olmaqla 200-ə yaxın insan iştirak etmişdir. Eyni gündə Qars valisi və Bələdiyyə sədrinin rəhbərliyi ilə Qarsdan 100-ə yaxın iş adamı Bakıya getmiş, 5 dekabrda isə Qars Bələdiyyəsi sədrinin rəhbərliyi altında Qars heyəti Qarabağa ticarət missiyası həyata keçirib".
O, bildirib ki, hazırda Qars və İğdırda Azərbaycan Ticarət Evlərinin açılması imkanları nəzərdən keçirilir:
"Baş Konsulluğun əhatə dairəsinə daxil olan vilayətlərlə Azərbaycanın şəhərləri arasında qardaş şəhər əlaqələri qurulub. Demək olar ki, Azərbaycanın ən çox qardaş şəhər qurduğu ölkələr arasında Türkiyə şəhərləri ön sıradadırlar. Ərzurum ilə Şuşa arasında qardaşlıq əlaqələri qurulub, Qars və Ağdam şəhərləri arasında qardaşlıq əlaqələrinin qurulması nəzərdə tutulur. Düşünürəm ki, Azərbaycan və Türkiyə şəhərləri arasında qardaş əlaqələrinin qurulması iki ölkə arasında əməkdaşlığa böyük töhfə verir".
Z.Əliyev qeyd edib ki, 2025-ci il ərzində Qarsda Qarabağ Zəfərinin 5-ci ildönümü münasibətilə, eləcə də bir sıra digər mədəni tədbirlər həyata keçirilib. 6 noyabr 2025-ci il tarixində Qarsda yerləşən Qafqaz Universitetinin ərazisində 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsinə 44 ədəd ağac əkilib.
O, vurğulayıb ki, Ərdahan Universitetinin 7 noyabr 2025-ci il tarixində İqtisadiyyat və İnzibati Elmlər Fakültəsinin Konfrans Zalına həmin fakültədə təhsil almış və 44 günlük Vətən müharibəsində şəhid olmuş Kərimov Mustafa Mayis oğlunun adının verilməsi mərasimi baş tutub.
Diplomat həmçinin bildirib ki, Qars-İğdır-Aralık-Dilucu yüksək standartlı dəmiryol layihəsi ilə bağlı işlərin başlaması üçün yer təslimi 5 sentyabr 2025-ci il tarixində baş tutub, hazırda işlər davam etdirilir, bölgədə, xüsusən də Qarsda hava şəraitinin ağır olması işlərin həyata keçirilməsinə təsir edə bilər. Müqavilə müddəti 1480 gündür, layihənin 24 sentyabr 2029-cu il tarixində bitməsi nəzərdə tutulur:
"Layihə boyu ümumi uzunluğu 11.5 km-dən ibarət olan 5 ədəd tunel olacaqdır, relslərin ümumi uzunluğu 1 milyon metrdir, cəmi 5 stansiyanın (Diqor, Tuzluca, İğdır, Aralık, Dilucu) və 1 saydinqin (Subatan) inşası, 23 ədəd üst keçid planlaşdırılır.
Qatarların sürəti saatda 160 km olacaq, xətlərdə ümumi gərginlik 24,000 kilovolt olacaq gərginliyin tənzimlənməsi üçün ümumilikdə 6 ədəd transformatorun quraşdırılması nəzərdə tutulur. Ümumilikdə 6 tikinti sahəsi mövcuddur: 2-si böyük, 4-ü kiçik.
Ümumi uzunluğu 6842 metr olan 4 ədəd viedükün (yüksəkliyi 50 metr olan körpü) və Dilucu-Sədərək arasında, Araz çayı üzərində yeni körpünün tikintisi planlaşdırılır". (Report)