Horovlu sakini Faiq Quliyevin sözlərinə görə, Cəbrayıl rayonunda elə kənd tapılmaz ki, orada kəhriz olmasın: “Çərəkənddə, Papıda, Qalacıqda, Xanbağında, Nüsüsdə, Xələflidə, Quycaqda, Şəybəydə və digər yerlərdə kəhrizlər var. Amma bildiyimə görə, ən çox kəhriz Horovludadır. Burada əvvəl 12 kəhriz var idi. Sonra onlardan 7-si fəaliyyət göstərib. Bunlar Baş, Qələbə, Əsgər, Orta, Xəlifə, Şıx və Gülqasım kəhrizləridir. Bunlardan 5-i bərpa edilib və hazırda fəaliyyət göstərir”.
Faiq Quliyev bildirib ki, kəhrizlərin suyundan həmişə həm içmək, həm də təsərrüfat üçün istifadə edilib. Hər bir kəhrizin suyu isə digərindən fərqlənir. “Bununla yanaşı, kəndimizdə çoxlu bulaqlar da olub. Quycaq kəndi ilə Horovlu arasında “Qurdlu bulaq” adlanan bulaq var idi”, - deyə o vurğulayıb.
Horovlu sakini diqqətə çatdırıb ki, kəhrizlərin tarixi çox əvvəllərə gedir: “Bu kəhrizlər simvolumuza çevrilib. Hətta tələbəlik illərində yaşlı insanlardan soruşanda onlar bu kəhrizlərin yaşını bilmirdilər. “Bala gözümü açıb, bu kəhrizi görmüşəm” deyirdilər. Xəlifə kəhrizi və Xəlifə dərəsi Orta kəhrizin əks tərəfində yerləşir. Bu kəhrizlər məni bir qədər təəccübləndirib. Ola bilsin ki, bunlar xəlifəlik dövründə fəaliyyət göstərib”.
Faiq Quliyev vurğulayıb ki, kəhrizlərin fəaliyyəti quyulardan başlayır. “Birinci quyu qazılıb. Ulu babalarımız təxminən biliblər ki, hansı dərinlikdə və harada su var və daha çoxdur. Həmin suyu tunellərlə gətirib yerin səthinə çıxarıblar. Həmin dövrdə kəhriz işi ilə məşğul olanlar isə kankanlar adlandırılıblar”, - deyə o qeyd edib.
Kəndin yeniyetmə və gənc nəsli məcburi köçkünlükdən Horovluya qayıtdıqdan sonra buradakı kəhrizləri görüb. Onlardan biri də İlkin İsmayılovdur. O deyib ki, məcburi köçkün olduğu vaxtlarda ata-baba yurdu və məşhur kəhrizlər barədə qiyabi məlumatlı olub. Lakin Horovluya qayıtdıqdan sonra həm buranın əsrarəngiz təbiəti, həm də kəhrizlərlə yaxından tanış olub: “2025-ci il noyabrın 6-dan Horovlu kəndinin sakiniyəm. Bu kəndin təbiəti, torpağı, kəhrizləri haqqında nənələrimizdən, babalarımızdan, valideynlərimizdən çox məlumat almış, xatirələr eşitmişdik. Bu xatirələrdə canlandırılanları gəlib burada görmək şərəfdir. Əslində kəhrizləri ilk dəfə bu kənddə görmüşəm. Buranın suyu, həqiqətən də fərqlənir”.
Qeyd edək ki, kəhrizlərin bərpa edilməsi nəticəsində Horovlu kəndində həyat yenidən canlanır. Bu qədim su mənbələri həm kənd təsərrüfatının inkişafına, həm də əhalinin gündəlik həyatına mühüm töhfə verir. Beləliklə, yüzilliklərin yadigarı olan kəhrizlər Cəbrayılın həyatında mühüm rol oynamaqda davam edir. (AZƏRTAC)