Azərbaycan Respublikasının Laçın rayonunun Laçın şəhər inzibati ərazi dairəsinə daxil olan Qarıkaha kəndi Həkəri çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyində yerləşir. Abdallar kəndindən köçüb gəlmiş ailələrin Qarıkahası adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yer isə oradakı Qarı kahası adlı mağaranın adı ilə adlandırılmışdır. Toponim "qoca qadına məxsus mağara" və yaxud "köhnə oyuq, köhnə quyu" mənalarındadır. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Qarıkaha kənd Sovetinin Qarıkaha kəndi Laçın şəhəri ilə birləşdiyinə görə rayonun yaşayış məntəqələri siyahısından çıxarılmışdır. 2019-cu ilə aid Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin "İnzibati ərazi bölgüsü təsnifatı" adlı məlumat kitabında Qarıkaha kəndi Laçın şəhər inzibati ərazi dairəsində kənd kimi qeyd edilmişdir. 1 dekabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
İsa MUSAYEV