Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində olan Qovşudlu kəndi Şahvələdli kənd inzibati ərazi dairəsinə daxildir. Kəndin ərazisi düzənlikdir. Keçmişdə bu kənd Hüseynbəyli də adlandırılmışdır. Qərbi Azərbaycanda Qozbabalı Qovşur, Türkmənistanda Qovşut, Qovşutbenq, Qovşutqala, Qovşutxanbent, Qovşutxanqala və s. kimi yer adları mövcuddur. Eyniadlı mikrotoponim Qubadlı rayonunun Hal kəndinin şimal-qərbində qeydə alınmışdır. Tədqiqatçılara görə, Qovşut vaxtilə bir sıra türk xalqlarında şəxs adı kimi geniş işlənmişdir. Bəzi tədqiqatçılar Qərbi Azərbaycan ərazisindəki Qovşut oykonimini kəndin coğrafi mövqeyi ilə, yəni iki çayın qovuşduğu yerdə olması ilə əlaqələndirirlər. Kənd əhalisinin əsas təsərrüfatı heyvandarlıq idi.
İsa Musayev