23.01.2026, 18:37
AZ EN
28.11.2025, 10:36 218

Tariximizin izləri və erməni vandalizmi: Məmmədbəyli türbəsinin faciəsi

ŞƏRQİ ZƏNGƏZUR
  • Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan tədqiqatlar bir daha sübut edir ki, bölgənin hər qarışı zəngin tarix və mədəni irslə doludur. Təəssüf ki, bu abidələrin bir çoxu uzun illər ərzində erməni vandalizminə məruz qalıb, mənəvi və tarixi dəyərlərimiz qəsdən məhv edilib. Zəngilan rayonu ərazisində yerləşən və XIII-XIV əsrlərə aid Məmmədbəyli türbəsi də belə abidələrdəndir.

AMEA Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi Ramin Əlizadənin "Vetensesi.az"-a verdiyi məlumata əsasən, Zəngilanın mərkəzində “Zəngilan qalası” kimi tanınan ərazi əslində Şəhri-Şərifan adlı X–XI əsrlərə aid şəhərin qalıqlarıdır.

Tarixçi alim bildirib ki, XIV əsrdə bu bölgəyə Yəhya ibn Məhəmməd əl-Hac adlı hakim rəhbərlik edib. Onun adına inşa olunmuş Məmmədbəyli türbəsi bu gün də tarixi dəyərinə görə seçilən abidələr sırasındadır.

Türbənin üzərindəki kitabədə qeyd olunur ki, Yəhya ibn Məhəmməd əl-Hac 1305-ci ildə vəfat edərək burada dəfn olunub. Əl-Hac titulu isə onun Elxanilər dövlətindəki vəzifəsindən irəli gəlir. Təəssüf ki, 1993-cü ildə Zəngilanın işğalı zamanı erməni silahlı qüvvələri bu türbəni dağıtmış, hakimə aid məzarı isə təhqir edərək nəşini yandırmışdır.

Bu fakt bir daha göstərir ki, işğal dövründə ermənilər təkcə əraziləri deyil, Azərbaycanın tarixi və mədəni mirasını da məqsədyönlü şəkildə məhv etməyə çalışıblar. Məmmədbəyli türbəsi bu barbarlığın acı simvollarından biridir və tarixi ədalətin bərpası üçün beynəlxalq səviyyədə tanıdılması vacibdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər