“Vətən səsi” xəbər verir ki, işğaldan azad edilmiş ərazilərimizdə DOST xidmətləri şəbəkəsinin qurulması ilə bağlı ilk layihə 2022-ci ilin mayında Zəngilan rayonunun Ağalı kəndində qurulub. 2024-cü ildə isə Şuşada Qarabağ Regional DOST Mərkəzinin filialı fəaliyyətə başlayıb. Hazırda Qarabağ Regional DOST Mərkəzinin Kəlbəcərdə və Füzulidə DOST məntəqələri də doğma yurduna köçürülmüş sakinlərə xidmət göstərir. Qarabağ və Şərqi Zəngəzurda yaşayan sakinlər onlayın formada “Smart DOST” sisteminin 100-dən çox xidmətdən faydalanmaq imkanına malikdir. Buraya əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahəsindəki xidmətlər daxildir. Məntəqəyə yaxınlaşan vətəndaşa onlayın qəbul sistemi vasitəsilə virtual olaraq, DOST agentləri tərəfindən həyata keçirilir. Ehtiyac yarandıqda məntəqədə vətəndaşa texniki dəstək göstərilir.
Xatırladaq ki, “Smart DOST” məntəqələrində rəqəmsal sistemin quraşdırılması Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilib. Hazırda işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Dövlət Proqramına uyğun olaraq, doğma yurduna köçürülmüş vətəndaşların DOST xidmətləri ilə əhatə edilmələri üçün ardıcıl işlər davam edir.
Röya SALMANQIZI