21.05.2024, 10:07
AZ EN
07.02.2023, 08:49 205

Zəngilan rayonu Cahangirbəyli kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Cahangirbəyli kəndi Oxçu çayının sol sahilində Mincivan-Bakı avtomobil yolunun kənarında yerləşir. Kəndin tarixi çox qədimlərə gedib çıxır. Məlumatlara əsasən deyə bilərik ki, bu yaşayış məntəqəsinə aid qəbiristanlıqda qoç formalı bir abidə, yanında isə naməlum yazıları olan daş lövhə mövcud olmuşdur. Sonralar abidə Zəngilan tarix-diyarşünaslıq muzeyinə verilmişdir. Həmin abidəyə əsasən yaşayış məntəqəsinin tarixinin daha qədim olması fikri təsdiq olunur. Belə ki, heyvan formalı abidələr islamdan qabaqkı inanclara söykənir. Elə buna görə də kəndin tarixi ən azı 7-ci əsrdən əvvələ gedib çıxır. Bu kənd qədim olsa da, Cahangirbəyli adı çox-çox sonralar 19-cu əsrə aid hesab edilir, ilkin adı isə naməlumdur. Kəndin əhalisi azərbaycanlılardan ibarət idi. Yayı isti, qışı isə soyuq olan Cahangirbəyli kəndinin əhalisi əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olurdular. Erməni işğalı dövrünə qədər kənddə mədəniyyət evi, klub, kitabxana, feldşer məntəqəsi, uşaq bağçası, orta məktəb, şərab emalı zavodu da fəaliyyət göstərmişdir. Kənd əvvəllər çılpaq və quru dərələrlə əhatə olunsa da, sonralar salınmış meyvə və tut bağları göz oxşayırdı. Suvarma üçün əsas mənbə Oxçu çayından ayrılmış Şirinbəy və Qıraq arxlarıdır. Uzun illər düşmən tapdağında qalan Cahangirbəyli kəndi 21 oktyabr 2020-ci ildə Azərbaycanın Şanlı Ordusu tərəfindən azad olunmuşdur. 

İsa Musayev

Oxşar xəbərlər