30.04.2024, 16:42
AZ EN
21.08.2023, 10:07 220

Laçın rayonu, Malıbəy kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Malıbəy kəndi Qarabağ yaylasında yerləşir. Yaşayış məntəqəsi keçmişdə Malıbəyli adlanmışdır. Malı bəy kəndin əsasını qoyan təhməzli nəslinə mənsub ailələrin başçısı olmuşdur.

Malıbəy kəndi tarixi baxımdan hələ tədqiq edilməsə də bu ərazidə Azərbaycan arxeologiyasının çox nadir nümunələri gizlənir. Hələ sovetlər dönəmində günəşin daş üzərində ilk orjinal ibtidai rəsmi məhz bu ərazidən tapılmışdı. Bu ərazidə böyük sayda at, qoç fiqurları və digər müxtəlif bədii daş nümunələri və kurqanlar mövcuddur. Bu kənd ayrı-ayrı dövrlərdə Keşitaşf, Mağavuz və Qaraçorlu mahallarının tərkibində olmuşdur.

Ermənistan bu əraziləri işğal etdikdən sonra, Malıbəy kəndinin adını dəyişərək, Yiyernavank adlandırdılar. Malıbəy kəndi Zəngəzurun digər Xoznavar və Bayundur kəndləri ilə həmsərhəddir. Xoznavar suyu (kiçik çay) bu kəndin içərisindən axaraq Həkəri çayının Minkənd qoluna qovuşur. Malıbəy kəndi Minkəndçayın axarı ilə Sultanlar kəndindən 2 km məsafədə çayın sağ sahilində yerləşir.

Malıbəyin etnik tərkibi tamamilə azərbaycanlılardan ibarət olub. Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq və heyvandarlıq idi. Əhalinin yaşayış evləri qara damlardan və sonralar müasirləşən eyvanlı kənd evlərindən ibarət idi. Malıbəy kəndinin bütün dövrlərdə əhalisi Azərbaycan türkləri olmuşdur.

Əkinə yararlı sahələrdə buğda, arpa, vələmir və başqa dənli bitkilər becərilirdi. Təbii ot biçənəkləri burada heyvandarlığın inkişafı üçün əvəzedilməzdir.

Kənd 1992-ci ildə Ermənistanın silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər