Azərbaycan Respublikası Kəlbəcər rayonunun Həsənriz kəndi qədim tarixə malik kəndlərdəndir. Əvvəlki adı Aterk olan bu kənd Ağdərə rayonunun tərkibində olmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Aterk kəndi Kəlbəcər rayonunun inzibati ərazisinin tərkibinə verilmişdir. Milli Məclisin 29 dekabr 1992-ci il tarixli 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Aterk kəndi Həsənriz kəndi adlandırılmışdır. Tədqiqatçıların fikrincə, Aterk türk dilindəki atrak (çayın mənsəbə töküldüyü yer) sözünün fonetik variantıdır. 13-cü əsrdən sonra Xaçın knyazı Həsən Cəlalın adı ilə Həsənriz adlanmışdır. Qədim dövrlərdə Qafqaz Albaniyası ərazisində yerləşən kəndin inkişafı əsasən 15-ci əsrdə Cənubi Azərbaycandan köçmüş türk tayfaları tərəfindən qoyulmuşdur. Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonra buraya İrandan gəlmiş çoxlu sayda erməni ailəsi köçürülmüşdür. Az bir müddətdə ermənilərin sayı azərbaycanlılardan çox olduğu üçün buranı ermənilər "qədim erməni ərazisi" adlandırıblar. Sovet hakimiyyəti illərində hayların tələbi ilə kəndin adı dəyişdirilərək Aterk qoyulmuşdur. Lakin Azərbaycanın Müstəqilliyindən sonra kəndin tarixi adı bərpa olunmuşdur. Yuxarıda qeyd etdiyimiz kimi çox qədim tarixə malik olan bu kənddə təxminən 5-ci əsrin sonlarında tikilmiş Alban məbədi vardır. Tərtərçayın sol sahilində yerləşən Həsənriz kəndi 2020-ci ildə işğaldan azad olunmuşdur.
İsa Musayev