Qədim tarixə malik olan Zəngəzur mahalının təbii sərvətlərlə zəngin gözəl obalarından biri də indiki Cəbrayıl rayonunun Karxulu kəndidir. Toponimin mənşəyi haqda xeyli mülahizələr olsa da türk mənbələrinə görə gözətçi məntəqəsi, qala, mühafizə olunan yer mənasında işlənən karqu sözündən əmələ gəlib. Çox maraqlıdır ki, bu toponimə digər ölkələrdə də təsadüf olunur. Belə ki, Gürcüstanda "Karxur" adlı dağ, Krım Muxtar Respublikasında "Karqulu" adlı kənd də var. Kar sözünün xeyli mənaları var - işçi, sənətini bilən, iş görənlərin rəhbəri, müasir dövrdə isə öz işinin mükəmməl bilicisi kimi də işlənir. Sözün ikinci hissəsi olan xulu isə ehtimala görə assimilyasiyaya uğrayaraq "qulu" sözünün törəməsidir, yəni bacardığı peşənin qulu, peşəsinə qulluq edən mənasında işlənmişdir.
Cəbrayıl rayonu Xan çinarları ilə də məşhurdur. Mənbələrdə qeyd olunur ki, bəzi çinarların yaşı 1500 ildən artıqdır. Rayonu taniyan, görən adamlar da təsdiq edir ki, burada 7 qardaş çinarların dibindən axan kəhrizin suyu buz kimi soyuq, dumduru idi. Mənbələrdə qeyd olunur ki, Karxulu kəndi ərazisində olan çinarlardan biri "kar" çinar, digəri isə "xulu" çinar adlanırdı. Karxulu kəndi köhnə və yeni yurd adı ilə də adlandırılırdı. Çünki köhnə yurdda olan adamlar yeni yurd salıb bir az geniş əraziyə çıxmışdılar. Tarixi çox qədim olan kəndin tunc dövrünə aid kurqanları, qəbirstanlığı və s. deyilənləri təsdiq edən amillərdəndir. Əhalisi əsasən taxılçılıq, baramaçılıq, üzümçülük, maldarlıq, bostançılıq və s. ilə məşğul olurdular. Karxulu kəndinin köhnə yurdunda aparılan qazıntı işləri zamanı buradan daş alətlər, saxsı və bürünc qablar, dulus küplər və s. tapılmışdır. Karxulu kəndi öz ziyalıları, şəhidləri və qaziləri ilə də tanınır.
İsa MUSAYEV