31.07.2025, 13:18
AZ EN
30.07.2025, 17:36 128

“Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib

XƏBƏRLƏR
  • Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi”: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar kitabının I cildinin təqdimat mərasimi keçirilib.

Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, millət vəkili və  Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü Günay Ağamalı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Hüquq Komissiyası və Böyük Qarakilsə rayon icmasının sədri Zahid Cəfərov, RİH başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların və Qərbi Azərbaycan İcmasının nümayəndələri, Qərbi Azərbaycan və Şuşa rayonundan olan ziyalılar  iştirak edib.

Təqdimat Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlamış, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra azərbaycanlıların deportasiyasına həsr olunmuş “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyasından sənədli videoçarx nümayiş etdirilib.

Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tədbir iştirakçılarını salamlayaraq son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində  xalqımızın ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalması barədə geniş məlumat verərək, mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət  nəticəsində azərbaycanlıların indi Ermənistan adlandırılan ərazidən — min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından  didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qaldığını, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəninin dağıdılıb viran  edildiyini vurğulayıb, Azərbaycan xalqına qarşı cinayət aktlarının həyata keçirilməsi nəticəsində yüz minlərlə azərbaycanlının kütləvi şəkildə zorakılıqla sürgünə məruz qaldığını, məhz Müstəqil azərbaycanımızın qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən Qərbi Azərbaycan həqiqətlərinin ilk dəfə gündəmə gətirildiyini, məsələyə hüquqi-siyasi qiymətin verildiyini qeyd edib. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ideyaların layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə görüşü zamanı çıxışı xalqımızı bir daha ulu və qədim torpaqlarımız olan Qərbi Azərbaycana  qayıdacağı günün yaxında olduğunu vurğulayıb. Xalqımız əmindir ki, Möhtərəm Prezidentimizin qətiyyəti sayəsində tezliklə soydaşlarımızın əzəli Qərbi Azərbaycan torpaqlarına qayıdışı beynəlxalq müstəvidə öz tarixi və ədalətli həllini tapacaqdır. 

Kitab haqqında ətraflı məlumat verən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Hüquq Komissiyası və Böyük Qarakilsə rayon icmasının sədri Zahid Cəfərov çıxışında qeyd edib ki, Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irs, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılır. Bu istiqamətdə müasir elmi yanaşmalara uyğun yeni fundamental araşdırma – “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyasının birinci cildi nəşr edilmişdir. Qərbi Azərbaycan ərazisində bir vaxtlar mövcud olmuş mədəniyyət nümunələrinin – məscidlərin, məktəblərin, körpülərin, qəbiristanlıqların və digər maddi-mədəni irs abidələrinin ermənilər tərəfindən dağıdılması bir xalqın tarixdən silinməsi məqsədi güdən vandalizmin bariz nümunəsidir. Lakin bu kitab vasitəsilə həmin abidələrin sənədləşdirilməsi, coğrafi yerləşməsinin, tarixi xüsusiyyətlərinin göstərilməsi onları yaddaşımızda yaşadır və gələcəkdə reallaşacaq qayıdışın ideoloji bazasını formalaşdırır.

Millət vəkili və Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü Günay Ağamalı çıxışında bildirib ki, Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Zəfərdən sonra qarşımızda yeni perspektivlər açılıb. Qazandığımız Zəfər işğaldan azad olunan ərazilərə məcburi köçkünlərimizin qayıdışını təmin etməklə yanaşı həm də soydaşlarımızın əzəli Qərbi Azərbaycan torpaqlarına qayıdışının da təməlini qoyub. Dövlət başçısının bu yol xəritəsini sonadək reallaşdırmaqla bağlı güclü siyasi iradəsi ortadadır və hamımız bunun şahidiyik. Həmçinin, bildirib ki, qəbiristanlıqlar bir xalqın keçmişi, inancı və kollektiv yaddaşıdır. Ona görə də qəbiristanlıqları dağıtmaq həmin xalqın izlərini coğrafiyadan silmək cəhdidir. Bu, həm də hər kəsin bildiyi kimi beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi şəkildə pozulmasıdır.

Əslən Qərbi azərbaycanlı, Ermənistanın Dərələyiz mahalından qaçqın düşmüş, məktəb direktoru Vahid Muradov, Yeni Azərbaycan Partiyasının Şuşa Rayon Təşkilatının sədri Təvəkkül Əliyev, I Qarabağ müharibəsi veteranı Ağalar Əliyev, əslən Qərbi azərbaycanlı  Mirvari Həsənova çıxışlarında qeyd ediblər ki, dədə-baba torpaqlarından zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geriyə qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin edilməsi ölkəmizin prioritetləri arasındadır. Müxtəlif dövrlərdə soydaşlarımıza qarşı həyata keçirilən deportasiya nəticəsində onlara məxsus məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib. Qeyd edilən deportasiya siyasəti nəticəsində soydaşlarımız öz dədə-baba torpaqlarından məcburi şəkildə çıxarılıb.

Tədbirin yekununda çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva belə tədqiqatların və topluların beynəlxalq ictimaiyyətə təqdim olunmasının zəruriliyini vurğulamış, bildirmişdir ki, bu nəşrlər təkcə tarixi ədalətin bərpasına deyil, həm də gələcək nəsillərin yaddaşında Qərbi Azərbaycanın zəngin irsini yaşatmağa xidmət edir. “Qərbi Azərbaycan İrsi” nəşri yalnız keçmişin sənədləşdirilməsi deyil, həm də gələcəyə hesablanan milli yaddaş layihəsidir. Bu kimi təşəbbüslər Qərbi Azərbaycana qayıdış arzularının reallığa çevrilməsi yolunda mühüm addımlardır.

Sonda tədbir iştirakçılarına hədiyyələr təqdim olunub.

Tahirə AĞAMİRZƏ

 

Oxşar xəbərlər