04.03.2026, 16:31
AZ EN
04.03.2026, 14:50 51

Qarabağın üzüm sahələri yenidən dirçəlir

QARABAĞ
  • Qarabağ və Şərqi Zəngəzurun Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan bölgəsi həm də respublikanın üzümçülük zonası kimi tanınır. Hələ sovet dövründə ilk üç rayon Azərbaycanın üzüm istehsalının təxminən 32 faizini təmin edirdi. Həmçinin Ağdərə, Xocalı, Xocavənd və Qubadlı rayonlarının bir çox əraziləri də üzümçülüyün bərpası, inkişafı regionun aqrar potensialının əsas istiqamətlərindən biridir. Müasir intensiv üzümlüklərin salınması, yerli sortların bərpası və emal müəssisələrinin yaradılması ilə bu sahənin yüksək iqtisadi səmərəliliyi və şərabçılığın inkişafı hədəflənir. Bu isə regionda daimi iş yerlərinin yaradılması, “Böyük qayıdış” proqramı çərçivəsində doğma yurduna köçürülən keçmiş məcburi köçkün ailələrinin həyat şəraitinin yaxşılaşdırılması üçün vacib şərtlərdəndir.

Üzümçülüyün inkişafı üçün işğaldan azad olunmuş bölgələrdə torpaq-iqlim şəraitinə uyğun, yüksək məhsuldar və xəstəliklərə davamlı ənənəvi intensiv üzümlüklərin salınması həyata keçirilir. Həmçinin məhsulun yerində emal edilməsi üçün müasir şərab və üzüm şirəsi istehsalı müəssisələrinin yaradılması da diqqət mərkəzindədir. Ənənəvi üzüm növlərinin bərpası ilə yanaşı, məhsuldar və xəstəliklərə davamlı yeni sortların əkilməsi, damcı üsulu ilə suvarma sistemlərinin qurulması, aqroekologiya və xəstəliklərlə mübarizə sahəsində elmi-tədqiqatlara əsaslanan metodlardan istifadə isə yerli üzüm sortlarının bərpası və seleksiyası vasitəsilə genofondun genişləndirilməsinə xidmət edir. Bu tədbirlər bölgədə həm süfrə, həm də texniki şərablıq üzüm sortlarının istehsalının artırılması və ixrac potensialının gücləndirilməsinə həflənib.

Hazırda həmin rayonlarda dağıdılmış köhnə üzümlüklərin yerində yeni intensiv bağların salınması nəzərdə tutulur.  Xocavəndin Tuğ kəndi, Ağdam və digər ərazilər üçün xarakterik olan "Xindoqnı", "Mədrəsə", "Bayanşirə" kimi yerli üzüm sortlarının genofondunun bərpası prioritetdir.  Tuğ kəndi kimi ərazilərdə üzümçülük həm də şərab turizmi və qastronomiya layihələrinin tərkib hissəsi kimi inkişaf etdirilir. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün nəzərdə tutulan vergi və gömrük güzəştləri, aşağı faizli kredit təklifləri bu sahənin inkişafını bir qədər də stimullaşdırır.

Qarabağ və Şərqi Zəngəzurda yeni bağların salınması ilə yaxın gələcəkdə Azərbaycanın ümumi üzüm sahələrinin 23 min hektara, illik istehsalın isə 300 min tona çatdırılması hədəflənib. Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam və Qubadlı rayonlarında üzümçülük üçün əlverişli torpaq-iqlim şəraitindən istifadə və bu tədbirlər çərçivəsində, xüsusilə "Araz Vadisi İqtisadi Zonası" sənaye parkı kimi bölgələrdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı prioritet sahələrdir.

Röya SALMANQIZI 

Oxşar xəbərlər