Ağalı kəndi “Ağıllı kənd” konsepsiyasına uyğun şəkildə tamamilə yenidən qurulub, burada sakinlərin rifahı üçün ən müasir infrastruktur formalaşdırılıb.
İlk köçün başlanmasından ötən müddət ərzində kəndin siması tamamilə dəyişib və ərazi geniş abadlıq işləri ilə əhatə olunub. Bu gün Ağalıda müasir yaşayış evləri, məktəb, uşaq bağçası və müxtəlif iş yerləri fəaliyyət göstərir, küçələr işıqlı və səliqəlidir. Yaz fəslinin gəlişi ilə kəndin təbiəti daha da gözəlləşib, ətraf yaşıllığa bürünüb, bir neçə il əvvəl əkilən ağaclar artıq boy ataraq kəndin mənzərəsinə xüsusi rəng qatır.
Bütün bu yeniliklər doğma torpaqlarına qayıdan sakinlərin həyatına yeni ruh və nəfəs gətirib. Qeyd edək ki, Ağalıda çalışanların əksəriyyəti elə kənd sakinləridir. Burada məskunlaşan ailələrdən biri də 2023-cü ilin oktyabr ayında kəndə qayıdan və müasir standartlara cavab verən evlə təmin olunan İbrahimovlar ailəsidir.
Ailə başçısı Musa İbrahimov bildirir ki, burada keçən hər gün ötən illərin həsrətini unutdurmaqla yanaşı, onlara əsl Vətən sevgisini yaşadır: “Ailəmlə birlikdə Zəngilana yollananda gözüm yoldan çəkilmirdi. Bir an əvvəl Ağalıya çatmağımızı istəyirdim. Həmin anın sevincini və həyəcanını sözlə ifadə etmək mümkün deyil”.
Keçmişi xatırlayan həmsöhbətimiz o ağrılı günləri belə nəql edir: “1987-ci il təvəllüdlüyəm. Biz bu kənddən məcburi köçkün düşəndə hələ uşaq idim. Həmin anlar indi mənə yuxu kimi gəlir, amma yaddaşıma əbədi həkk olunan bir məqam var – o da yurdumuzu tərk etməli olduğumuz gün... Çox ağrılı-acılı vaxtlar idi. Valideynlərimlə süfrə arxasında idik, qəfil erməni silahlılarının hücuma keçdiyi xəbəri gəldi. Canımızı qurtarmaq üçün doğma ocağımızı tərk etmək məcburiyyətində qaldıq. Köçkünlük illərində bir çox yerlərdə məskunlaşdıq. Təəssüf ki, atam və anam bu ağır həyat şəraitinə dözməyərək, doğma yurd həsrəti ilə dünyalarını dəyişdilər”.
İbrahimovlar ailəsi üçün köçkünlük illəri çətin sınaqlarla dolu olsa da, onlar bir gün doğma yurdlarına qovuşacaqları ümidi ilə böyüyüblər. Musa deyir ki, illərdir qəlbində yaşatdığı həmin arzu artıq gerçəkliyə çevrilib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yazdığı tarix sayəsində torpaqlarımız azadlığa qovuşdu. Bu haqq savaşında canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Məhz qəhrəmanlarımızın sayəsində bu torpaqlar indi yenidən canlanır".
Həmsöhbətimiz Ağalıda davam edən xoşbəxt həyatdan ağızdolusu danışır. O, yazın gəlişi ilə al-əlvan rənglərə bürünən, boy atan ağacların kəndə xüsusi gözəllik qatdığını vurğulayır. Ən böyük qüruru isə övladlarının bu torpaqlarda böyüməsidir. Bakıda yaşayarkən uşaqlarına Zəngilan haqqında ancaq xatirələrini danışdığını deyən Musa indi onların bu kəndin xoşbəxt sakinlərinə çevrildiyini qürurla söyləyir: “Bəzən şəhərə gedirik, amma uşaqlar kəndə qayıtmaq üçün can atırlar. Bura o qədər sakit və gözəldir ki, artıq başqa yerdə qalmağa səbrimiz çatmır”.
Musa İbrahimov üçün 2023-cü ilin 26 oktyabrı yeni həyatın başlanğıcıdır. 30 illik həsrət bitdikdən sonra o, əvvəlcə usta kimi kəndin quruculuq işlərində iştirak edib, hazırda isə Zəngilan Beynəlxalq Hava Limanında yanğınsöndürmə avtomobilinin sürücüsü kimi fəaliyyət göstərir. Sakinlərin məşğulluğunun dövlət tərəfindən diqqətdə saxlanılması ailənin rifahını daha da möhkəmləndirib.
“Uşaq vaxtı Zəngilan səmasında hərbi helikopterlərin uçduğunu xatırlayıram. İndi isə həmin səma mülki təyyarələrə, xarici qonaqlara açılıb. 30 ildən sonra hava limanında çalışmaq, bu tarixi anlara şahidlik etmək böyük qürurdur. İşğal dövründəki Ağalı ilə indiki arasında dağlar qədər fərq var. Çünki torpağın əsl sahibləri qayıdıb və hər birimizin kökündə Vətən sevgisi dayanır”, - deyə o əlavə edir.
Evin xanımı Səidə İbrahimova isə fəaliyyətini Ağalı kənd orta məktəbində müəllim kimi davam etdirir. Sumqayıtda dünyaya göz açsa da, əslən zəngilanlıdır və gəlin kimi Ağalıya qayıdıb. O, doğma yurddakı ilk iş gününün həyəcanını bizimlə bölüşür: “Ağalı məktəbindəki ilk dərs günü mənim üçün unudulmaz tarixə çevrildi. Bir vaxtlar dərsliklərdə şagirdlərimə qəhrəmanlıq dastanı kimi anlatdığımız torpaqlarda indi özüm müəllim kimi fəaliyyət göstərirəm. Bu, çox qürurverici və təsvirolunmaz bir hissdir".
Səidə xanım deyir ki, onların Zəngilana qayıdışı 2023-cü ilin oktyabr ayına təsadüf edir. 44 günlük Vətən müharibəsi dövründə hər kəs kimi onlar da ailəlikcə ekran qarşısına kilidləndiklərini, dövlət başçısının çıxışlarında Zəngilanın adını eşitməyi səbirsizliklə gözlədiklərini xatırlayır: “Həmin müjdəni eşidəndə valideynlərimlə birgə sevinc göz yaşları axıtdıq. O anın həyəcanını indi də eyni hisslərlə yaşayıram”.
Hər qarışı şəhid qanı ilə suvarılan bu torpaqlarda müəllim kimi çalışmaq Səidə İbrahimova üçün ən böyük qürur mənbəyidir. Bildirir ki, bu torpaqlar Prezident İlham Əliyevin güclü siyasəti və müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində azad edilib.
Səidə xanım kəndə ilk gəldikləri günü belə nəql edir: “Avtobusla ilk dəfə bura qədəm basanda anam da bizimlə idi. O, yolboyu uçulub-dağılmış evləri gördükcə göz yaşlarını saxlaya bilmirdi. Amma bu gün həmin yurd yerləri dövlətimizin sayəsində yenidən dirçəlir. Şəhərdə böyüməyimə baxmayaraq, Ağalıdakı müasir şərait, əyləncə parkları və abadlıq mənə özümü şəhərdəki kimi rahat hiss etdirir. Hətta bəzən şəhərə gedəndə kənd üçün darıxırıq. Artıq üç ildir buradayıq və hər yeni gələn ailə ilə kəndə yeni nəfəs gəlir".
O, həmçinin vurğulayır ki, vaxtilə valideynlərinin məcburi köçkün düşdüyü yaşda olan uşaqlar indi eyni kəndə xoşbəxt sakinlər kimi qayıdıblar. Yarım qalan xatirələri indi yeni nəsil davam etdirir. Müəllim kimi fəaliyyət göstərdiyi Ağalı məktəbinin uğurlarından da söz açan Səidə xanım bildirir ki, onun qısa müddətdə də olsa dərs dediyi şagirdlər ali məktəblərə qəbul olunub. “Məktəbə qədəm qoyan balaca fidanların vətənpərvər ruhda böyüdüyünü görmək bizə böyük ümid verir. İnanıram ki, nailiyyətlərimiz hələ çox olacaq”, - deyə qürurla söyləyir.
Ailənin övladları üçün Ağalıya gəlmək təkcə köç deyil, həm də öz kiçik tarixlərinin başlanğıcıdır. Onlar bura gələndə Fərhad 7, Əsnad 9, ailənin son beşiyi Əsmanur isə hələ 1 yaşında idi. İndi 4-cü sinif şagirdi olan Fərhad o günü böyük həvəslə xatırlayır: “Atam və nənəm həmişə bu kəndin səfalı yerlərindən, gözəlliyindən danışardılar. Bura gələndə gördüm ki, Ağalı çox gözəldir. Əvvəl Xırdalanda oxuyurdum, indi isə Ağalı kənd məktəbinin şagirdiyəm. Sinfimizdə 26 şagird var, çoxlu yeni dostlar qazanmışam. Bütün qiymətlərim “5”dir”.
Bu gün Ağalı təkcə xəritədə bərpa olunan bir kənd, yaxud müasir infrastrukturun yaradıldığı yaşayış məskəni deyil, bura həm də onilliklərin həsrətindən sonra arzuların yenidən boy atdığı, ümidlərin gerçəyə çevrildiyi bir başlanğıc məkanıdır. Küçələrində uşaq gülüşlərinin eşidildiyi bu kənddə indi yeni və işıqlı bir tarix yazılır.
Artıq burada böyüyən yeni nəsil valideynlərinin yurd nisgili ilə dolu yarım qalan xatirələrini deyil, özlərinin xoşbəxt və firavan hekayələrini qələmə alırlar. Onların hər bir uğuru, hər bir addımı bu torpaqların əbədi azadlığının və sarsılmaz gələcəyinin möhürüdür.
Zəngilanın dağ silsilələri ilə əhatə olunan Ağalıda həyat artıq sadəcə bərpa olunmur, hər keçən gün daha da kök atır. İndi bu torpaqlarda Günəş başqa bir ehtişamla görünür, çünki burada həyat qürurla, sevgi ilə və sabahın daha parlaq olacağına bəslənən sonsuz inamla davam edir. (AZƏRTAC)