Artıq ikinci ildir ki, təsərrüfatını doğma yaylaqlarına aparan Mirik kənd sakini Marks Vəliyev 30 ildən sonra doğma torpağa qovuşmağı ən böyük xoşbəxtlik hesab edir: “Allah bizə nəsib edib, yenidən öz Vətənimizə, doğma torpağımıza gəlmişik. Ən böyük arzumuza çatmışıq”.
Laçınlı arıçı bildirib ki, yağıntılar səbəbindən bu il məhsul ötənilki kimi olmasa da, qənaətbəxşdir: “İkinci ildir, təsərrüfatımızı doğma Laçınımıza gətirmişik. Keçən il də gəlmişdik, yaxşı məhsulla qayıtdıq. Bu il məhsul ötənilki kimi olmasa da, qənaətbəxşdir. Artıq bal süzümünə başlamışıq. 30 illik arzumuz gerçəkləşib. Allah şəhidlərimizə rəhmət eləsin. Ali Baş Komandanın, hərbçilərimizin sayəsində bu günü yaşayırıq. İki ildir Laçın məhsulu götürürük. Özümüz istirahət edir, dağ çiçəkləri yığırıq, arılar isə keyfiyyətli məhsul toplayır. Bu il bir az bal süzümü gecikib. Amma məhsul var. Sentyabrın 20-dək burada qalmaq fikrindəyik”.
Bozlu kənd sakini Ceyran Vəliyeva isə deyib: “30 ildir yurdumuzdan didərgin düşmüşdük. İndi şükürlər olsun torpaqlarımıza qayıtmışıq. Arıçılıqla dədə-babadan məşğul olmuşuq. Bu il təsərrüfatımızı öz kəndimizə gətirdik. Həm havasını uduruq, suyunu içirik, istirahət edirik, həm də arımızı saxlayırıq. Torpaqlarımız çox zəngindir. Boş vaxtlarımızda kəklikotu, ətotu, qantəpər, yarpız, gülxətmi yığırıq. 100 dərdin dərmanı var torpaqlarımızda. Dağlarımız çox zəngindir. Sularımız, çaylarımız çox gözəldir. Bu gözəllikləri yenidən gördüyüm üçün xoşbəxtəm. Bu şəraiti bizə yaradanlara minnətdarlığımı bildirirəm”. (AZƏRTAC)