03.03.2026, 10:40
AZ EN
09.02.2026, 09:00 210

Gül qoxulu balam...

XƏBƏRLƏR
  • Anası deyir ki, Əlinin qəşəng saçları vardı. Hər səhər otağına gəlirdim, saçlarını sığallayırdım. Mənə “Gül qoxulu anam”, deyərdi. İndi onun yerindən qoxusunu alıram... Vətən Müharibəsi başlayanda Əlinin cəmi 18 yaşı vardı. Hərbi xidmətdə idi. O, müharibəyə könüllü yollandı.

Əli evin tək oğlu idi, onun bircə bacısı vardı. Əli ürəyini bacısına açardı. İndi bacısı onun köynəyindən, aldığı boyunbağıdan yeganə qardaşının qoxusunu alır. Əlinin sevdiyi vardı, bunu da bacısına demişdi. Əli cəbhədən bacısına anasını tapşırırdı...

Bu gün şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Heydarov Əli Vaqif oğlunun doğum günüdür. O, 9 fevral 2002-ci ildə Naxçıvanda, Sədərək rayonunda anadan olub. 2 yaşında olanda ailəsi Bakıya köçüb. 2008-ci ildə Bakı şəhəri 135 saylı tam orta məktəbdə təhsil almağa başlayıb. 2018-ci ildə orta məktəbi bitirdikdən sonra, 2020-ci ildə hərbi xidmətə yolllanıb. 

Azərbaycan Ordusunun əsgəri olan Əli Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə könüllü qatılıb.

Əli Heydərov Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. Sentyabrın 29-da qəhrəmancasına şəhadətə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Əli Vaqif oğlu Heydərov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə ” və “Cəsur döyüşçü”  medalları ilə təltif olunub.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Əli balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər