03.03.2026, 10:40
AZ EN
03.03.2026, 08:31 17

Böyük Qayıdış milli kimliyin və özünəinamın bərpası prosesidir

YAZILAR
  • Postmünaqişə mərhələsində işğaldan azad edilmiş ərazilərə qayıdış prosesi yalnız texniki və infrastruktur məsələsi kimi qiymətləndirilməməlidir. Bu, 30 illik işğal dövründə xalqımızın yaşadığı faciələrin, ədalətsizliklərin və itkilərin aradan qaldırılması ilə bağlı tarixi bir mərhələdir.

Bu fikirləri açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov bildirib.

Onun sözlərinə görə, 30 illik işğal təkcə torpaqların itirilməsi ilə yekunlaşmadı, eyni zamanda, Azərbaycan xalqına qarşı Xocalı, Daşaltı, Başlıbel, Qaradağlı kimi faciələr törədilmiş, dinc əhali soyqırımı və vəhşiliklərlə üzləşmişdi: “Bir neçə gün öncə biz Ermənistanın Azərbaycana qarşı işğalçılıq və düşmənçilik siyasətinin ən qanlı səhifələrindən biri olan Xocalı faciəsinin 34-cü ildönümünü qeyd etdik. Bu torpaqlar xalqımız üçün sadəcə coğrafi ərazi deyil, həm də ağrı, itki və ədalətsizliklə bağlı yaddaşdır”.

X.Bəşirov vurğulayıb ki, işğal dövründə ərazilərimiz vəhşicəsinə dağıdılıb, minalarla çirkləndirilib, infrastruktur tamamilə məhv edilib. Buna görə də dövlət həmin ərazilərdə kompleks və sistemli bərpa proqramı həyata keçirir: “Minalardan təmizləmə, yüzlərlə kilometr avtomobil yollarının, körpü və tunellərin, dəmir yollarının tikintisi, beynəlxalq standartlara cavab verən üç hava limanının inşası, “ağıllı” şəhər və kənd konsepsiyasının tətbiqi, alternativ və bərpaolunan enerji layihələrinin icrası dövlətin bu prosesə strateji və uzunmüddətli yanaşmasından xəbər verir”.

Onun fikrincə, Böyük Qayıdış təkcə demoqrafik və iqtisadi proqram deyil, həm də milli kimliyin və özünəinamın bərpasıdır: “Ora qayıdan insanların gözündə sevinc var. İnsan zorla əlindən alınmış doğma torpağına yenidən qovuşur. Bu, Azərbaycan xalqı üçün nadir və tarixi bir hadisədir”.

Siyasi şərhçi əlavə edib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan dövlətinə və xalqına münasibət beynəlxalq səviyyədə dəyişib: “Azərbaycan ədalətli müharibə apardı və qalib gəldi. İndi isə Böyük Qayıdış Proqramı uğurla icra olunur. Bu, yeni mərhələnin başlanğıcıdır – həm dövlət, həm də cəmiyyət üçün”.

X.Bəşirovun sözlərinə görə, Qarabağa qayıdış prosesi fiziki transformasiya ilə yanaşı, mənəvi transformasiyanı da ehtiva edir və bu, Azərbaycan xalqının özünü dərk etməsi, milli kimliyini və gücünü yenidən təsdiqləməsi baxımından xüsusi əhəmiyyət daşıyır. (AZƏRTAC)

Oxşar xəbərlər