Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib.
O bildirib ki, sənədin böyük uğur kimi qiymətləndirilməsinin əsas səbəbi onun diplomatik nəticəni təkcə bəyanatla məhdudlaşdırmaması, konkret icra arxitekturası yaratmasıdır. İşçi Qrupları üç ay ərzində layihə siyahısı və yol xəritələrinin razılaşdırılması, ildə ən azı bir dəfə müntəzəm görüşlər kimi mexanizmlər tərəfdaşlığın davamlılığını təmin edən çərçivə yaradır. Təhlükəsizlik bölməsində antiterror, kibertəhlükəsizlik və kritik infrastrukturun mühafizəsi, eləcə də humanitar minatəmizləmədə maliyyə və texnologiya ötürülməsi kimi praktik və ölçülə bilən istiqamətlərin yer alması sənədin real fayda potensialını artırır. Azərbaycan bu Xartiya ilə özünü regionda enerji, logistika, rəqəmsal bağlantı və təhlükəsizlik üzrə etibarlı tərəfdaş kimi daha yüksək səviyyədə mövqeləndirir və böyük güclə münasibətlərdə strateji gündəliyi daha da genişləndirən model qurur. Bu uğur Prezident İlham Əliyevin ardıcıl və praqmatik xarici siyasət xəttinin məntiqi davamıdır.
“Azərbaycanı regionda etibarlı tərəfdaş, proqnozlaşdırılan və məsuliyyətli aktor kimi möhkəmləndirən diplomatiya məhz bu cür institusional sənədlərlə konkret nəticəyə çevrilir. Prezident İlham Əliyevin balanslı, çoxşaxəli əməkdaşlıq strategiyası sayəsində ölkəmiz enerji təhlükəsizliyi ilə yanaşı, nəqliyyat-logistika, rəqəmsal bağlantılar və yüksək texnologiyalar kimi yeni sahələrdə də qlobal tərəfdaşlarla gündəm formalaşdıran mövqeyə yüksəlib”, - deyə A.Kərimli vurğulayıb. (AZƏRTAC)