15.04.2026, 11:58
AZ EN
15.04.2026, 10:19 27

Ermənistan Zəngəzur dəhlizi üçün investor axtarır

XƏBƏRLƏR
  • Ermənistan hökuməti "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP" adlandırılan Zəngəzur dəhlizi layihəsinin tikintisinə əlavə beynəlxalq investorlar cəlb etməyə çalışır.

"Vətən səsi" xəbər verir ki, bu barədə "Eurasia Review" nəşri məlumat yayıb. Nəşrin yazdığına  görə, rəsmi İrəvan müxtəlif kanallar vasitəsilə potensial investorların TRIPP layihəsinə maraq göstərməsi və iştirak imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətini gücləndirib.

Nəşr yazır ki, Ermənistan hakimiyyəti bu nəqliyyat dəhlizini ölkənin gələcək iqtisadi infrastrukturunun əsas elementlərindən biri kimi qiymətləndirir. Qeyd olunur ki, ötən ilin avqustunda  ABŞ ilə ikitərəfli razılaşma öz qüvvəsində qalsa da, layihənin tikintisində iştirakçı tərkibinin daha geniş olması vacib sayılır.

Məqalədə vurğulanır ki, TRIPP layihəsi Ermənistanın Sünik vilayəti (Zəngəzur) ərazisindən keçməklə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birbaşa əlaqəsini təmin edəcək. Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında əldə edilmiş razılaşma 42 kilometrlik marşrutun yaradılmasını nəzərdə tutur. Həmin marşrut Naxçıvanı Azərbaycanın əsas hissəsilə ilə birləşdirməklə yanaşı Mərkəzi Asiya ilə Avropa arasında uzanan daha geniş Orta Dəhliz logistika sisteminin bir hissəsinə çevriləcək.

Ermənistan layihəyə Yaxın Şərq ölkələrinin və Qazaxıstanın cəlb olunması imkanlarını nəzərdən keçirir. Xüsusilə Astananın nəqliyyat və infrastruktur əlaqələrinin inkişafında iştirakı, eləcə də Ermənistanın tranzit marşrutlarından ticarət zəncirində istifadə məsələsi müzakirə olunur. ABŞ-İsrail-İran müharibəsinin regionda yaratdığı mürəkkəb böhran vəziyyətinə baxmayaraq, Tram administarsiyası layihənin həyata keçirilməsində maraqlı olduğunu və dəmir yolu xəttinin tikintisinə mümkün qədər qısa vaxtda başlamağın prioritet saydığını təsdiqləyir.

Elxan SALAHOV

Oxşar xəbərlər