Bu sözləri açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, siyasi şərhçi Cəsarət Hüseynzadə deyib.
O xüsusilə diqqətə çatdırıb ki, bu proseslər ölkə ərazisinin təxminən 20 faizini təşkil edən və uzun illər ərzində tamamilə dağıdılmış ərazilərdə faktiki olaraq yeni bir həyatın, yaşayış mühitinin və müasir infrastrukturun qurulması deməkdir. Ən mühüm məqamlardan biri də odur ki, bütün bu bərpa və yenidənqurma işləri əsasən ölkənin daxili imkanları hesabına, xarici və beynəlxalq maliyyə dəstəyi olmadan həyata keçirilir. Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin “Böyük Qayıdış” Proqramının birinci mərhələsi üzrə - 2026–2029-cu illərdə 13,5 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır və bunun əsaslı xərclərdə xüsusi çəkisi 23,5 faizdir. Bu rəqəm Qarabağ və Şərqi Zəngəzurla bağlı həyata keçirilən proseslərin dövlət üçün strateji əhəmiyyətini aydın şəkildə göstərir. Eyni zamanda, Azərbaycan bu prosesi daha sürətli və səmərəli şəkildə davam etdirməkdə maraqlıdır.
Cəsarət Hüseynzadə bildirib ki, həm yenidənqurma və bərpa işləri, həm də keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdışı prosesi birbaşa dövlətimizin başçısının nəzarəti altında həyata keçirilir. “Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev bu prosesi yalnız nəzarətdə saxlamır, eyni zamanda, onun fəal iştirakçısı kimi birbaşa rəhbərlik edir. O, yeni ictimai-sosial obyektlərin və infrastruktur layihələrinin təməlqoyma mərasimlərində iştirak etməklə yanaşı, hər bir kəndin, qəsəbənin və ya sosial obyektin açılışında şəxsən iştirak edir, öz tövsiyələrini verir və prosesə mənəvi dəstəyini nümayiş etdirir. Bu, olduqca vacibdir. Çünki insanların dövlətə inamı və etibarı məhz bu cür diqqət və liderlik nümunəsi ilə daha da möhkəmlənir. Birlik və həmrəylik isə hər zaman ən güclü amillərdən biri olub və biz bunun ən bariz nümunəsini 44 günlük Vətən müharibəsi dövründə gördük”, - deyə C.Hüseynzadə əlavə edib. (AZƏRTAC)