Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Millət vəkili bildirib ki, Avropa İttifaqı Ermənistana Avropa Sülh Fondundan daha 10 milyon avro ayırmağı nəzərdə tutur. Artıq Aİ-nin ali nümayəndəsi Kaya Kallas bu təklifi Aİ Şurasına təqdim edib:
“Bu vəsaitin Ermənistanın “müdafiəsini gücləndirilməsi” üçün istifadə olunacağı bildirilir. Məlumdur ki, Ermənistan son illərədək Rusiyanın regionda forpostu funksiyasını yerinə yetirib. İndi isə Paşinyan hökuməti öz davranışı ilə Qərbin əlaltısına çevrilir. Ermənistan hakimiyyəti Qərbin diqtəsi ilə Rusiyadan uzaqlaşmaq siyasətini davam etdirir. Ermənistanın hazırkı addımları bütün region dövlətlərinin maraqlarına ziddir. Belə bir şəraitdə Aİ-nin Ermənistana növbəti hərbi yardım ayırması qəbulolunmazdır".
S.Fətəliyevanın sözlərinə görə, Ermənistanın bu kimi addımları sülh prosesinə də zərbə vurur:
“Aİ və xüsusən Fransa 44 günlük müharibədən sonra regionda yaranmış yeni geosiyasi reallıqlar, Azərbaycanın nüfuzunun əsaslı artmasından çox narahatdır. Ermənistanın silahlandırılması da buradan qaynaqlanır. Halbuki, beynəlxalq təcrübə göstərir ki, işğalçı ölkə hərbsizləşdirilməlidir. İkinci Dünya Müharibəsindən sonra işğalçı Almaniya və Yaponiyanın tərksilah edilməsi buna nümunədir. Ermənistan da 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Azərbaycan öz gücünə Ermənistanı məğlub edərək torpaqlarını azad etdi. Lakin Aİ hazırkı addımı ilə işğalçı ölkə olmuş Ermənistanı gücləndirməyə çalışır. Digər tərəfdən, Qafqaz regionunda Gürcüstanda və Azərbaycanda mövqelərini itirmiş Aİ bunu Ermənistanla kompensasiya etməyə cəhd göstərir”.
Parlamentari qeyd edib ki, Ermənistanın Aİ tərəfindən silahlandırılması sülh gündəliyinə xidmət etmir və alınan bütün yeni silahların şərti sərhəddə yaxın bölgədə yerləşdirilməsi legitim hədəf olmasına gətirib çıxaracaq.
“Bundan əlavə, Ermənistan özünün Aİ nümayəndəliyində daimi hərbi attaşe vəzifəsini yaradıb. Bu isə onu göstərir ki, Ermənistanın Aİ ilə hərbi sahədə əməkdaşlığı yeni sistematik mərhələyə çıxıb. Ermənistanın militarizasiyası, Brüsseldə daimi hərbi attaşe postunun yaradılması və Aİ müşahidə missiyasının fəaliyyətinin uzadılması Azərbaycana qarşı yönəlmiş siyasətin ayrı-ayrı elementləridir. Bütün bunlar regionumuzda sülhü və sabitliyi təhdid edir. Ona görə də həm Aİ, həm də Ermənistan bu təhlükəli planlardan çəkinməlidir”, - deyə deputat qeyd edib. (Trend)