Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
O bildirib ki, Qarabağ problemini ATƏT deyil Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev həll etdi.
“Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz 44 gün ərzində Qarabağı işğaldan azad edərək 1 milyona yaxın vətəndaşımızın yurdunu özünə qaytardı. Hazırda Qarabağda aparılan quruculuq işləri beynəlxalq səviyyədə həyata keçirilir. Demokratiyanı, ədaləti və hüququ hər şeydən üstün tutduğunu bəyan edən ATƏT bu prinsiplərin heç birini Qarabağdan qaçqın və məcburi köçkün düşən Azərbaycan vətəndaşlarına şamil etmədi. Onların hüquqlarını Prezident İlham Əliyev bərpa etdi, torpaqlarını, mülklərini evlərini özlərinə qaytardı. Dünya siyasətində görünməyən bir hadisə baş verdi. Problemi həll etmək üçün yaradılan qurum, onu nəinki həll etmədi, əksinə uzun müddət həll olunmasına mane oldu. 2003-cü ildə ölkə Prezidenti seçilən İlham Əliyev siyasi platformasında bildirdi ki, Azərbaycan sülh istəyən bir xalqdır. Azərbaycan dövləti Qarabağın beynəlxalq qanunlar çərçivəsində, sülh yolu ilə azad edilməsini istəyir və bu istiqamətdə də siyasət yürüdür. Lakin Azərbaycan öz ərazisinin 20 faizinin işğal altında qalması ilə razılaşmayacaq və mütləq ərazilərini işğaldan azad edəcək”, - deyən A. Hüseynov nəzərə çatdırıb.
Deputat əlavə edib ki, Prezident İlham Əliyev verdiyi vədi yerinə yetirdi və Qarabağı azad edərək ədalətin bərpa edilməsinə nail oldu: “Bu gün Azərbaycan dünya dövlətləri arasında özünün siyasi nüfuzu, iqtisadi inkişafı ilə layiqli yerini tutub. Qarabağın azad olunması sadəcə olaraq hərbi əməliyyatlarda düşməni məğlub etmək deyildi. Bu həm də xalqımızın min illər boyu formalaşmış milli mənəvi dəyərlərinə uzanan əllərin kəsilməsi idi. Keçmiş SSRİ ərazisində və dünyanın bir sıra yerlərində regional münaqişələr bu gün də davam edir. Lakin heç bir siyasi lider silahlı münaqişələrin, insan tələfatının qarşısını alıb ölkəsinin sülh içində yaşamasını təmin edə bilmir, Prezident İlham Əliyev isə bunu bacararaq ilk növbədə Azərbaycan xalqının, sonra isə beynəlxalq aləmin rəğbətini qazandı”. (AZƏRTAC)