01.08.2025, 17:54
AZ EN
08.08.2024, 12:34 471

Qərb və ABŞ Cənubi Qafqazda məkrli planlarını reallaşdırmaqda israrlıdır

YAZILAR
  • Amerika Birləşmiş Ştatları və Qərb siyasi dairələri Ermənistan üzərindən Cənubi Qafqaza yerləşmək planlarını addım-addım reallaşdırmağa çalışır. Bu istiqamətdə kifayət qədər ciddi manevrlər edilir. “Flightradar” qlobal uçuş izləmə xidmətinin məlumatına görə, avqustun 2-si və 3-də Amerika Birləşmiş Ştatlarının Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın “Zvartnots” hava limanından 2 hərbi təyyarə endirib. Birləşmiş Ştatlar silahlı qüvvələrinə məxsus “Boeing C-17” hərbi yük təyyarəsi şəxsi heyət və hərbi yüklərlə birlikdə “Zvartnots”hava limanına gətirilib.

Amerika Birləşmiş Ştatlarının Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından qalxan yük təyyarələri ilə Ermənistana küllü miqdarda yeni nəsil silahlar çatdırılıb. “Caliber.az”ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, bundan əvvəllər ABŞ Ermənistan xüsusi təyinatları üçün bu sursatlardan istifadə üzrə təlimlər keçib. Hətta Ermənistan silahları real şəraitdə sınaqdan keçirmək üçün Kəlbəcər istiqamətində  Azərbaycan Ordusunun bölmələrinə qarşı hərbi təxribat  törədib. Görünən odur ki, bütün bunlar 5 aprel Brüssel görüşündə əldə olunan məxvi razılaşmalara əsasən həyata keçirilir. Maraqlıdır, tərəfləri sülhə səsələyən Vaşinqton  Ermənistanı silahlandırmaqla nəyə nail olmağa çalışır?

“Azərbaycanın tələblərinə uyğun olaraq Ermənistan konstitusiyasında dəyişiklik etmədən Azərbaycanla sülh sazişinin imzalanmasına nail olacaqsa, gələcəkdə o, yenidən Azərbaycana qarşı revanş etmək imkanını saxlayacaq. Amerika Birləşmiş Ştatları bununla həm Ermənistanı tam məğlubiyyətdən qorumağa çalışır, həm də onun digər təhlükəli məqsədindən xəbər verir.Yəni bu gün Ermənistana hərtərəfli siyasi və hərbi dəstək göstərməklə, gələcəkdə onu həm də Azərbaycana qarşı çıxaracaqdır”.

Bunu məsələyə münasibət bildirərkə VI çağırış Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu “ATV”-yə açıqlamasında deyib.

Ermənistan okeanın o tayından gələn drektivləri canla-başla yerinə yetirir. Elə Rusiya hərbçilərinin İrəvanın “Zvartnots” hava limanından çıxarması da  təsadüfi addım deyildi. Şübhəsiz ki, rəsmi İrəvanın gedişi Amerika Birləşmiş Ştatları və Qərbin birbaşa təlimatı ilə reallaşdırılıb. Çünki  “Zvartnots” hava limanına məhz Rusiya sərhədçilərinin nəzarət etməsi Qərb siyasi dairələrini narahat edirdi.  Səbəb isə aydındır: “Bu  siyasi qüvvələrin Ermənistandakı fəaliyyətini rəsmi Moskvanı birbaşa nəzarətindən yayındırmaq”. İndi ABŞ və Qərb Ermənistan ərzisinə Moskvanın nəzarəti olmadan rahatlıqla hərbi təyinatlı yüklər və canlı qüvvə göndərmək imkanı qazanıb.

E.Mirbəşiroğlu daha sonra əlavə edib ki, biz hər zaman müşahidə etmişik ki,  Avropa İttifaqının mülki missiyası Ermənistan ərazisindən həm Azərbaycana qarşı, həm İrana qarşı, həm də digər region ölkələrinə qarşı kəşfiyyat fəaliyyətini həyata keçirməkdədir: “Sözsüz ki, bu kəşfiyyat fəaliyyətinin nəticələrinə uyğun da hərbi fəaliyyət həyata keçirilir. Məsələn,  Amrika Birləşmiş Ştatları Ermənistana öldürücü silahlar verdikdən sonra Ermənistan Azərbaycana qarşı hərbi təxribatlar həyata keçirdi” .

Məsələ isə bununla bitmir. Məlumata görə hava lagerlərindən birində İran ərazisindən buraxılan raketlər və digər təyyarələrin  trayektoriyalarını izləyən xüsusi alətlər oldu. Bu qurğuların Ermənistanın İranla sərhədində yerləşdiriləcəyi ehtimal olunur. Lakin Vaşinqton bu missiyanı da erməni hərbçilərə həvalə etməyib. Cihazları idarə edəcək şəxslər diqqəti çəkməmək üçün  xüsusi seçilib. Onların əksəriyyəti Amerika ordusunda xidmət edən erməni əsilli ABŞ vətəndaşları postsovet ölkələrindən Amerika Birləşmiş Ştatlarına köçmüş slavyan və qafqazlı hərbçilərdir. Şəxsi heyət Ermənistan silahlı qüvvələrinin hərbi geyimi ilə təchiz olunaraq Zəngəzurdakı hərbi bazada yerləşdirilib. Nəticə etibarilə baş verənlər onu göstərir ki,  Qərb və ABŞ Ermənistandan geopolitik alət kimi istifadə etməklə Cənubi Qafqazda öz məkrli planlarını reallaşdırmaqda israrlıdır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər