Milli Məclisin sədr müavini Musa Qasımlı bu təşəbbüsə münasibət bildirərək qeyd edib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətdə hər zaman insan amili, mərhəmət və sosial ədalət əsas yer tutur.
Dövlət başçımızın çıxış etdiyi bu təşəbbüsün məqsədi təkcə cəza siyasətinə yenidən baxmaq deyil, eyni zamanda cəmiyyətin sağlamlaşmasına, ailə bağlarının bərpasına, insanlara yeni həyat şansı verilməsinə yönəlib.
M.Qasımlı bildirib ki, layihəyə əsasən, amnistiya aktı 44 günlük Vətən müharibəsində və lokal antiterror tədbirlərində iştirak edən şəxsləri, həlak olmuş və ya itkin düşmüş qəhrəmanlarımızın yaxınlarını, Ermənistanın hərbi təxribatı nəticəsində əlil olmuş şəxsləri, qadınları, 60 yaşdan yuxarı şəxsləri, cinayət törədərkən yetkinlik yaşına çatmayanları və bir sıra digər şəxsləri əhatə edəcək. Əlavə olaraq, az ağır və ehtiyatsızlıqdan törədilən cinayətlərə görə cəza çəkənlər ya azad olunacaq, ya da cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.
Sədr müavini vurğulayıb ki, bu amnistiya təkcə hüquqi sənəd deyil, həm də minlərlə ailəyə sevinc bəxş edəcək böyük sosial addımdır. Onun sözlərinə görə, bu qərar 20 mindən çox şəxsə şamil olunacaq, lakin on minlərlə insan – valideynlərini gözləyən uşaqlar, övlad həsrəti çəkən analar, həyat yoldaşlarını gözləyən qadınlar üçün yeni ümid, yeni başlanğıc olacaq.
Musa Qasımlının fikrincə, bu humanist addım təkcə azadlıq verən bir qərar deyil, həm də cəmiyyətin mənəvi tərbiyəsində, insanların yenidən ictimai həyata adaptasiyasında mühüm rol oynayacaq: "İnsanların təkcə gözləri deyil, ürəkləri də güləcək. Dövlətimizin qanunları ədalətli və humanist xarakter daşıyır".
Prezident İlham Əliyevin bu təşəbbüsü bir daha sübut edir ki, Azərbaycan dövləti vətəndaşlarının hüquqlarını qorumaqda, onlara yeni şanslar verməkdə və cəmiyyətin rifahı naminə ciddi siyasi iradə ortaya qoymaqda qərarlıdır.
Tahirə AĞAMİRZƏ