Bu barədə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov açıqlama verib. O bildirib ki, Azərbaycanın mövqeyi aydındır və bu mövqe bölgədə sülhün, sabitliyin və inkişafın təmin olunmasına yönəlib:
“Azərbaycan istəmir ki, hansısa layihə geosiyasi alətə çevrilsin. Əksinə, bütün təşəbbüslər regional inteqrasiyaya, iqtisadi tərəfdaşlığa və xalqların rifahına xidmət etməlidir”.
Deputatın sözlərinə görə, regionda dayanıqlı əməkdaşlıq üçün şəffaflıq və qarşılıqlı fayda prinsipləri əsas götürülməlidir: “Hər bir layihənin əsas məqsədi təkcə iqtisadi deyil, həm də humanitar və sosial mühitin yaxşılaşdırılması olmalıdır. Bu, Azərbaycan dövlətinin dəyişməz mövqeyidir”.
Deputat əlavə edib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr, o cümlədən nəqliyyat və enerji dəhlizləri, məhz bu məqsədə xidmət edir və bölgədə yeni əməkdaşlıq formatlarının yaranmasına səbəb olur.
Bu kontekstdə Zəngəzur dəhlizi xüsusilə önəm daşıyır.
Azərbaycan hesab edir ki, bu layihə yalnız regional deyil, eyni zamanda qlobal əhəmiyyətə malik nəqliyyat xəttidir. Zəngəzur dəhlizinin açılması bölgədə ticarət əlaqələrinin genişlənməsinə, iqtisadi dinamikanın güclənməsinə və uzunmüddətli sabitliyə zəmin yaradacaq. Məhz bu səbəbdən Zəngəzur dəhlizi ideyasının müəllifi olduğu kimi möhtərəm Prezident İlham Əliyev qonşu dövlətləri bu layihəyə toqquşma yox, tərəfdaşlıq yolu ilə yanaşmağa çağırır.
Tahirə AĞAMİRZƏ