28.04.2026, 19:21
AZ EN
28.04.2026, 17:49 17

Ermənistan əhalisi qorxu içində

XƏBƏRLƏR
  • Gürcüstan-Rusiya sərhədi yaxınlığındakı Lars gömrük-keçid məntəqəsində yaranmış tıxacla əlaqədar Ermənistanın mayeləşdirilmiş təbii qaz təchizatında ciddi problemlər yaşanır. İş o yerə çatıb ki, son günlər nəinki ucaq kəndlərdə, hətta mərkəzi şəhərlərdə təbii qaz çatışmazlığı pik həddə çatıb. Artıq əhali arasında problemin köklü səbəblərdən qaynaqlandığı və yaranmış çətinliyin aradan qaldırılmasının mümkünsüzlüyü barədə məlumatlar yayılıb. Hökumət isə ölkəyə mayeləşdirilmiş təbii qaz təchizatında fasilələr olduğunu təsdiqləsə də, vətəndaşları panikaya düşməməyə çağırıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, İqtisadiyyat Nazirliyi yaranmış vəziyyətlə bağlı əhaliyə müraciət edib. Nazirlik əhalini inandırmağa çalışır ki, qaz təchizatında yaranan fasilələr tezliklə aradan qaldırılacaq.

Qeyd olunur ki, Lars keçid məntəqəsində tıxac və müvəqqəti logistik çətinliklər səbəbindən maye qaz daşıyan bəzi yük maşınlarının Ermənistana girişi gecikir. Bu isə bazarda normal təchizat ritmini pozub və əhali arasında çaşqınlığa səbəb olub.

"Tam çatışmazlıq olmasa da, bəzi yanacaqdoldurma məntəqələrində müvəqqəti təchizatda fasilələr yarana bilər. Vətəndaşları panikaya düşməməyə və alış-verişləri həmişəki kimi etməyə və yalnız rəsmi məlumatlara qulaq asmağa çağırırıq. Vəziyyətin həlli üçün səylər davam edir", - deyə Ermənistan İqtisadiyyat Nazirliyinin yaydığı açıqlamada bildirilir.

Nazirlik əhalini əmin edir ki, dövlət qurumları vəziyyəti tezliklə həll etmək və normal tədarükü bərpa etmək üçün idxalçı şirkətlər və tərəfdaş qurumlarla daim təmasdadır. O da vurğulanır ki, səlahiyyətli orqanlar əsassız qiymət artımlarının və mümkün spekulyativ fəaliyyətlərin qarşısını almaq üçün vəziyyəti izləyir.

Xatırladaq ki, Cənubi Osetiyanın Yuxarı Lars kəndindən keçən eyniadlı nəzarət buraxılış məntəqəsi Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur. Yol xüsusilə qış aylarında əlverişsiz hava şəraiti ilə əlaqədar tez-tez bağlanır. Son illər bu cür halların ilin müxtəlif vaxtlarında, həm də müntəzəm şəkildə təkrarlanmasını Ermənistanda  Rusiyanın İrəvana qarşı aksiyası kimi dəyərləndirənlər də var. Sərt qış mövsümünün geridə qaldığı halda Ermənistanın mayeləşdirilmiş təbii qaz təchizatında yaranan problemlərin guya Lars yolundakı tıxacla əlaqələndirilməsi də ciddi şübhələr yaradıb. Bildirilir ki, yolu Rusiya hökuməti Ermənistana təzyiq etmək məqsədilə bağlayıb və vəziyyət bu cür davam etsə, tərəflər razılığa gəlməsə, keçid məntəqəsi İrəvanın üzünə birdəfəlik bağlana bilər. Bu isə Ermənistan-Rusiya münasibətlərinin sonu deməkdir.

Elxan SALAHOV

Oxşar xəbərlər