28.04.2026, 19:21
AZ EN
28.04.2026, 17:35 43

Azərbaycanın müstəqil və balanslaşdırılmış siyasəti onu diplomatik mərkəzə çevirib

YAZILAR
  • Çexiya Baş naziri Andrey Babişin Azərbaycana səfəri, sadəcə, diplomatik təqvimin davamı kimi yox, ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun və yeni siyasi reallıqların təzahürü kimi qiymətləndirilə bilər. Həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm əhəmiyyəti olan bu səfər Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı sabitlik modelinin Avropa üçün strateji məna daşıdığını bir daha sübut etdi.

Bu sözləri açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov söyləyib.

O bildirib ki, Qəbələdə keçirilən Azərbaycan–Çexiya biznes-forumu bu baxımdan səfərin ən önəmli məqamlarından biri oldu. Forum çərçivəsində enerji, nəqliyyat, sənaye və texnologiya sahələrində əməkdaşlıq məsələləri geniş müzakirə edildi. Çexiyanın bir sıra aparıcı şirkətləri Azərbaycanla birgə layihələrdə iştirak etmək niyyətlərini bildirdilər. Bu, Azərbaycanın təşəbbüsü ilə reallaşan yaşıl enerji proqramlarının və nəqliyyat qovşaqlarının artıq Avropa ölkələrinin praktik maraq dairəsinə daxil olduğunu göstərir.

"Prezident İlham Əliyevlə keçirilən görüş zamanı Azərbaycanın beynəlxalq aktorların diqqət mərkəzində olan məkan kimi səciyyələndirilməsi təsadüfi deyildi. Son illərdə Bakı təkcə regional deyil, həm də qlobal səviyyədə maraqların kəsişdiyi siyasi və iqtisadi mərkəzə çevrilib. Əgər bir vaxtlar Azərbaycan daha çox enerji resurslarının ixracatçısı kimi qəbul olunurdusa, bu gün ölkə artıq davamlı inkişaf, nəqliyyat, enerji təhlükəsizliyi və diplomatik vasitəçilik sahələrində qlobal gündəmin formalaşmasına təsir edən mühüm oyunçuya çevrilir. Azərbaycanın Şərq ilə Qərb, Avropa ilə Asiya arasında körpü rolunu oynaması Avropa dövlətləri üçün strateji alternativ yaradır. Məhz bu səbəbdən də son aylarda Avropa İttifaqına üzv ölkələrin yüksəksəviyyəli nümayəndələri — Litva, Latviya, Ukrayna və nəhayət Çexiyanın rəhbərləri — Bakıya ardıcıl səfərlər edirlər. Bu diplomatik aktivlik göstərir ki, Azərbaycan artıq regiondakı prosesləri müəyyənləşdirən subyekt kimi qəbul olunur.

Aprel ayı ərzində baş tutan bu səfərlər həm regionda, həm də Avropada təhlükəsizliyin və enerji sabitliyinin yeni arxitekturasının konturlarını müəyyənləşdirir. Bir sözlə, Azərbaycanın müstəqil və balanslaşdırılmış siyasəti, beynəlxalq əməkdaşlığa açıq yanaşması onu müasir multipolyar dünyada yeni növ diplomatik mərkəzə çevirib ",- deyə S.Seyidov vurğulayıb.

Forumun məhz Qəbələdə təşkil olunması da simvolik xarakter daşıyırdı - bu, Azərbaycanın iqtisadi inkişaf modelinin paytaxtdan regionlara yayılmasının göstəricisidir. Forum çərçivəsində imzalanan sənədlər, aparılan müzakirələr və qarşılıqlı maraqlar biznes mühitinin genişlənməsinə, Avropa ilə iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.

"Azərbaycanın artan rolu həm də onun iqtisadi potensialının, siyasi sabitliyinin və etibarlı tərəfdaş obrazının nəticəsidir. Bu baxımdan da Andrey Babişin səfəri və Azərbaycan–Çexiya biznes-forumu göstərdi ki, Azərbaycan artıq, sadəcə, regional lider deyil, qlobal enerji təhlükəsizliyinin, iqtisadi əməkdaşlığın və siyasi dialoqun formalaşdırıcısı kimi çıxış edir. Bakı bu gün Avropanın yeni praqmatik siyasətinin mərkəzinə çevrilərək, həm Şərqə, həm də Qərbə üz tutan strateji istiqamətlərin kəsişdiyi nöqtədə öz nüfuzunu möhkəmləndirir. Azərbaycanın artan rolu regionda sabitliyin və beynəlxalq əməkdaşlığın əsas dayaqlarından biri kimi artıq danılmaz faktdır", - deyə o əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər