“Vətən səsi” xəbər verir ki, yenidən qurulan Zəngilan şəhərindəki 4-cü yaşayış məhəlləsinin tikinti-quraşdırma işlərinin satın alınması üzrə müsabiqə elan edilib. “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin sifarişçisi olduğu layihənin ehtimal olunan dəyəri 26 milyon 839 min manat təşkil edir. 2023-cü ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan 4-cü yaşayış kompleksi 2 hektar ərazidə inşa edilir. Kompleksdə üç, dörd və beşmərtəbəli binalardan ibarət ümumilikdə 131 mənzilin tikilməsi planlaşdırılır.
Xatırladaq ki, Zəngilanın baş planına uyğun olaraq, şəhərdə ümumilikdə 6 yaşayış məhəlləsinin tikintisi nəzərdə tutulub. Dördüncü yaşayış kompleksinin inşa olunacağı ərazi şəhərin ortasıxlıqlı çoxfunksiyalı zonasında, inzibati mərkəzin yaxınlığında yerləşir. Burada müxtəlif sosial obyektlər, o cümlədən məktəb, uşaq bağçası və xəstəxana binası da inşa olunur.
Elxan SALAHOV