Qeyd edək ki, Könül xanım vətənpərvərlik ruhunda yazılmış çox sayda musiqi əsərinin müəllifidir. Bəzi əsərlərin, o cümlədən, şəhid övladları tərəfindən ifa olunan “Qəhrəman övladıyıq” adlı kompozisiyanın musiqisi ilə bərabər həm də söz müəllifidir.
Könül Hüseynova bildirdi ki, işğaldan azad edilmiş ərazilərimizdə gənc nəslin musiqi təhsili dövlətimizin və mədəniyyət sahəsində çalışan bütün mütəxəsislərin ən birinci vəzifələrindən biridir. Məlum olduğu kimi, torpaqlarımızın işğalı ilə əlaqədar həmin ərazilərdə fəaliyyət göstərən musiqi məktəbləri Bakıda, Sumqayıtda və digər şəhərlərimizdə fəaliyyətlərini davam etdiriblər. Ancaq 44 günlük şanlı Vətən Müharibəsində qazandığımız qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurda, Böyük Qayıdışla bağlı bütün sahələrdə olduğu kimi, incəsənət sahəsində də canlanma başladı. Bu gün Qarabağ Universitetində fəaliyyət göstərən İncəsənət fakültəsi ölkəmizin bu sahədə ən qabaqcıl təhsil ocaqlarından biridir. İncəsənət fakültəsinin dekanı, bəstəkar Türkər Qasımzadənin rəhbərliyi altında bu təhsil ocağı böyük uğurlara imza atır. Burada elmi konfranslar, açıq dərslər və görkəmli musiqiçilərin iştirak etdiyi möhtəşəm konsertlər keçirilir. Bütün bunlar isə işğaldan azad edilmiş ərazilərimizdə gənc nəslin estetik zövqünün formalaşmasına təkan verən amillərdəndir və yeniyetmələrdə müasir musiqi ilə yanaşı klassik irsə də marağı artırır:
“Gələn il İncəsənət fakültəsi Şuşa şəhərinə köçürüləcək. Füzulidə yerləşən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi də işğaldan azad olunmuş ərazilərdəki uşaqların istedadının üzə çıxarılmasında xüsusi xidmət göstərir. Burada uşaqların yaradıcılığı üçün hər cür şərait yaradılıb. Bakıda fəaliyyət göstərən Şuşa Musiqi Kolleci və digər incəsənət məktəblərinin də tezliklə ünvanı doğma Qarabağ olacaq”.
Onu da qeyd edək ki, Könül xanım Mədəniyyət Nazirliyinin layihəsi olan, fortopiano üzrə 1-2 sinifləri əhatə edən “Balaca pianoçu” adlı dərs vəsaitinin layihə rəhbəri və müəlliflərindən biridir. O, həmin vəsaitin işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən və gələcəkdə yenidən qurulan musiqi məktəblərində tədris ediləcəyi üçün indidən böyük qürur hissi keçirir…
Mina RƏŞİD