16.04.2026, 17:45
AZ EN
16.04.2026, 15:16 204

Ağdamda istehsal olunan məhsullar xaricə də satılır

QARABAĞ
  • Azad edilən ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri iqtisadi dirçəlişi sürətləndirir. Qarabağa “Böyük Qayıdış” proqramı çərçivəsində icra olunan strateji layihələr regionun simasını dəyişir. “Ağdam Sənaye Parkı” belə layihələr arasında xüsusi əhəmiyyətə malikdir.

Ümumi ərazisi 190 hektardan çox olan park artıq Qarabağın sənaye potensialının bərpasında əsas mərkəzlərdən birinə çevrilib. Burada yaradılan əlverişli biznes mühiti və dövlət dəstəyi qısa müddətdə parkı investorlar üçün cəlbedici məkana çevirib. Müxtəlif sahələr üzrə fəaliyyət göstərən müəssisələr həm daxili bazarın tələbatını ödəyir, həm də ixrac imkanlarını genişləndirir. Ayaqqabı istehsalı ilə məşğul olan “BAFCO İnvest” MMC sənaye parkında real sektora xeyir verən müəssisələrdən biridir. Fabrikdə istifadə olunan xammal əsasən Almaniya, Fransa, Türkiyədən idxal olunur. Hazırda burada təxminən 70-ə yaxın əməkdaş çalışır və onların 95 faizi Ağdam sakinləridir.

Fabrikdə Almaniyanın ən yüksək texnologiyası olan “Desma” markasının avadanlıqlarından istifadə olunur. Artıq həmin məhsullardan bir neçə ölkəyə də ixrac reallaşıb. Əsasən Rusiya, Qazaxıstan və bir neçə ərəb ölkələrinə məhsullar ixrac olunub. Bu yaxınlarda isə təxminən 2100 cüt ayaqqabı Qazaxıstana yola salınıb. Müəssisədə hazırlanan xüsusi təyinatlı ayaqqabılar və poliuretan çəkmələrə artıq qlobal bazarda ciddi tələbat var.

Müəssisənin illik istehsal gücü 360 min cüt xüsusi təyinatlı ayaqqabı və 150 min cüt poliuretan çəkmə təşkil edir. Burada sifarişçilərin istəyinə uyğun olaraq, müxtəlif mühafizə sinfinə aid fərqli rəngdə məhsullar hazırlanır. Hazırda iki növbəli rejimdə çalışan müəssisədə gündəlik 15 çeşid üzrə 1500-ə cüt ayaqqabı istesal olunur. Artıq bir neçə yeni modellin istesalına da başlanılıb. Məhsullar bazardakı tələbata uyğun  rəngdə və modeldə istehal edilir.

Beləliklə, respublikanın ikinci böyük sənaye parkı olan “Ağdam Sənaye Parkı” azad edilmiş ərazilərin “iqtisadi mühərriki”nə çevrilir. Hazırda 35 biznes subyektinin fəaliyyət göstərdiyi parka sahibkarlar tərəfindən indiyədək 150 milyon manata yaxın sərmayə yatırılıb. 2024-cü illə müqayisədə ötən il satışın həcmi rekord həddə - 1 milyard 387 milyon manata çatıb. Burada 1000-ə yaxın yeni iş yeri yaradılıb. İşə qəbul zamanı əsas üstünlük Ağdam və ətraf rayonların sakinlərinə verilir.

İqtisadi Zonaların İnkişafı Agentliyinin şöbə müdiri Taleh Quliyev “ARB24” televiziyasına açıqlamasında bildirib ki, sənaye parkında sahibkarlar tərəfindən  indiyə qədər 1,4 milyard manatlıq məhsul satılıb. Bunun 62,3 milyon manatlıq hissəsi  ixracın payına düşür: “Satış göstəriciləri 2024-cü ildə 22,3 milyon manat təşkil edirdisə, ötən il bu rəqəm 1 milyard 387 milyon manat olub. Eyni zamanda ixrac həcmi 2024-cü ildə 20 min manat olduğu halda, 2025-ci ildə 62,3 milyon manata yüksəlib”.

Ağdam Sənaye Parkındakı inkişaf dinamikası regionun sürətli bərpasının və “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı”nın uğurlu icrasının bariz nümunəsidir. Həmin ərazilərdə fəaliyyətə başlayan müəssisələrin sayının artması təkcə iqtisadi göstəriciləri deyil həm də doğma yurduna dönən insanların məşğulluq imkanlarını genişləndirir. İstehsal olunan məhsulların  “Made in Azerbaijan” brendi ilə dünya bazarına çıxması isə işğaldan azad olunan torpaqların ixrac potensialını artırır.

Röya SALMANQIZI

Oxşar xəbərlər