"Vətən səsi" xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan dünən parlamentdə çıxışı zamanı bildirib. Ermənistan mətbuatının yaydığı məlumata görə, Paşinyan deyib ki, rəsmi Bakının kifayət qədər konstruktiv mövqe sərgiləməsi sayəsində əldə olunmuş sülh onun ölkəsinə bir çox üstünlüklər qazandırıb. O, həmin üstünlüklərdən danışarkən ilk növbədə erməni xalqının heç bir qorxu hiss etmədən təhlükəsiz yaşaması üçün yaranmış şəraiti xüsusi vurğulayıb: "Bu gün sərhəd zonası olan Kirantsdakı məktəbin şagirdləri Azərbaycandan 50 metr məsafədə dərslərə gedir, 30 metr məsafədə futbol oynayırlar. Bizim istədiyimiz və gördüyümüz real sülh budur. Real sülh ondan ibarətdir ki, son iki il ərzində Ermənistan-Azərbaycan toqquşmaları nəticəsində nə ölən, nə də yaralanan olub, sərhəddə tam sakitlik höm sürür".
Baş nazir onu da əlavə edib ki, Ermənistan vətəndaşları sülhü ilk növbədə psixoloji və mənəvi baxımdan hiss edirlər. Onun sözlərinə görə, həm paytaxt İrəvanda, həm də bölgələrdə vətəndaşlarla keçirdiyi görüşlər zamanı onların sülhü gözləniləndən daha çox hiss etdiklərini müşahidə edib: "İndi Ermənistanın mərkəzində və sərhəd zonalarında sakitlik hökm sürür. Xüsusilə bölgələrdə əvvəllər daim hiss etdiyimiz gərginlik və stress artıq yoxdur, onun yerini sakitlik tutub. Hamı anlayır ki, ölkədə dayanıqlı və etibarlı sülh təmin olunub".
Nikol Paşinyan vurğulayıb ki, əgər vətəndaşlar arasında sülhə inam olmasaydı və hökumət yeni müharibə riski görsəydi, sosial sahələrə bu qədər vəsait ayrılmazdı. O, qeyd edib ki, iqtisadi artım üçün imkan yaradan əsas amil məhz sülhdür: "Vətəndaşlar sülh şəraitini gözləniləndən daha güclü şəkildə hiss edirlər. Çünki ölkədə sülh və əmin-amanlıq olanda hökumətlər sosial təminatlara - əhalinin pensiya, tibbi xidmət və sığorta sisteminin işlək mexanizmlərinə daha çox diqqət ayırır. Biz hakim partiya olaraq siyasi gücümüzü məhz xalqdan, onun sosial təminatlarının qüvvəsindən alırıq. Bütün bunlar sülh olmadan mümkün deyil".
Elxan SALAHOV