Cəbrayıl sakini Faiq Quliyev də belədir. Deyir ki, gecə üzü Cəbrayıla yatırdım ki, yuxuda doğma torpağımı, yurdumu görüm. İndi artıq yuxularmız gerçəyə çevrilib. Faiq müəllimin də üzü gülür. İxtisasca kimya-biologiya müəllimi olan Faiq müəllim indi əvvəlki kimi yenə də doğma kəndlərində dərs deyir. O, Horovlu kənd orta məktəbinin ən yaşlı müəllimidir. Deyir ki, işğaldan əvvəl hər il məzunların 8-9 nəfəri Tibb Universitetinə qəbul olurdu. Bundan sonra da elə olacaq...
Qeyd edək ki, Horovlu kənd orta məktəbi bu il dekabrın 1-də fəaliyyətə başlayıb. Məktəbin 103 şagirdi var. Burada 17 müəllim dərs deyir. Müəllimlərin hamısı elə Horovlu kənd sakinidir. Məktəb 624 yerlikdi, burada 26 sinif otağı, 4 labaratoriya, 180 nəfərlik akt zalı yerləşir.
Lalə müəllimə Horovludan köçəndə o 2-ci sinifdə oxuyurdu. İndi doğma məktəbdə 4A sinfinin rəhbəridi, uşaqlara Ana dilimizi tədris edir. Lalə müəllimə deyir ki, doğma kəndimizə qayıtdığım üçün çox sevinirəm. Bu məktəbdə dərs demək həm şərəflidi, həm də məsuliyyətlidir.
Lalə müəllimənin şagirdləri də öz hisslərini sevinclə ifadə edirlər. Hüseyn deyir ki, 27 noyabrda anam, atam və babamla bura gəlmişəm: “Bura daha yaxşıdı, ən sevdiyim dərs “Su pərisi” və ən sevdiyim müəllim Lalə müəllimədir”. Zəhra da sinif yoldaşına qoşulub öz müəllimlərini tərifləyir. Deyir ki, Lalə müəllimə bizə dərsi aydın şəkildə başa salır, dərslər maraqlıdı, məktəbi, müəllimləri çox sevirəm. Əvvəlki sinif yoldaşları ilə vidalaşıb gəldiyini deyən Əli isə Horovlunun həm evlərini, həm parkını, yaşıllıqlarını, həm də məktəbini çox sevdiyini söyləyir...
Vüsalə müəllimə deyir ki, mən doğma kəndə gələn ilk sakinlərdən biriyəm. Bura çox sevinclə gəlmişəm. Biz müəllimlər çalışacağıq ki, şagirdlərə gözəl təhsil verək. Bu torpaq üzərində əziyyət çəkənləri unudulmağa qoymayaq...
Mina RƏŞİD